13 Avqust 2020 12:18
3 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Ankara səfərinin ardınca ötən gün Türkiyənin Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıya səfərə gəlib. Tovuz istiqamətində Azərbaycana qarşı yeni cəbhənin açılması iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın yeni mərhələsinə təkan verdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, Tovuz döyüşlərinin ardınca Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də bu əməkdaşlığın təməlini qoydu:

“Son günlər təlimlərin başa çatmasından sonra nələrin olacağı haqda verilən çoxsaylı sualların cavabı tədricən aydın olur. İki ölkə arasında əməkdaşlığın intensivləşməsi artıq faktdır. Amma hər şey ilk baxışdan göründüyü qədər sadə və birmənalı deyil. Əvvəla, bu gün Ankaranın böyük bir regionda fəallaşması heç də hamını qane etmir və istər Türkiyənin üzvü olduğu NATO ölkələri (Fransa, Yunanıstan), istər Rusiya, istərsə də digər ölkələr (Misir, BƏƏ və Səudiyyə Ərəbistanı) buna açıq müqavimət göstərirlər.
Bunun nəticəsində Yaxın Şərqdə yaxın zamanlarda təkcə siyasi deyil, həm də hərbi aktivliyin daha da artacağını proqnozlaşdırmaq olar. Bəs bölgə uğrunda gedən savaşda Ankaranın tərəfdaşları hansı ölkələrdir? Bu siyahıya yüksək ehtimalla ABŞ, İsrail, Qətər və Əlcəzairi daxil etmək olar”.

Ərəstun Oruclu bildirib ki, Ankaranın Cənubi Qafqazdakı maraqları əsasən Moskva və onun hərbi müttəfiqi olan İrəvanla toqquşur:

“Amma belə görünür ki, Ərdoğan hökuməti Azərbaycan məsələsində birmənalı mövqedədir və geri çəkilmək fikrində deyil. Amma Putin hakimiyyətinin də geri çəkilməyə heç bir əsası yoxdur. Belə ki, indiki mərhələdə Rusiyanın onun üçün həyati əhəmiyyət kəsb edən Yaxın Şərq bölgəsinə yolu Qafqazdan keçdiyi kimi, onun qarşısını kəsmək üçün də ən optimal məkan elə Cənubi Qafqazdır. Deməli, Rusiya da məqsədinə nail olmaq üçün bölgənin hər üç ölkəsinə təzyiqlərini davam etdirəcək.

Azərbaycana, Ermənistana və Gürcüstana təzyiq üçün isə Kremlin arsenalında olan vasitələr yetərincədir. Amma burada da hər şey ilk baxışdan göründüyü qədər sadə deyil, çünki Cənubi Qafqazda sabitliyin pozulması Rusiyanın daxilində Şimali Qafqaz “detonatorunu” işə sala bilər.

Mövcud daxili siyasi və sosial-iqtisadi vəziyyətdə də Moskva üçün bu, əlavə destabilizasiya faktoru olardı. Digər tərəfdən də seçkilərin ardınca gərginliyə qədəm qoyan Belarus və Kremlin özünün yaratmış olduğu qeyri-sabit Şərqi Ukrayna ilə yanaşı Qafqazda baş verə biləcək təlatümlər Rusiyaya ətrafında qeyri-sabitlik zonasını genişləndirə bilər.

Nəticədə Rusiya ərtafında böyük xaos zolağı yarana bilər ki, bu da onun özünün daxili sabitliyinə təsirsiz ötüşə bilməz. İndi məntiqlə tərəflər mübahisələr və qarşıdurmalar yarada biləcək bütün məsələləri siyasi yollarla çözməyə çalışmalıdılar. Amma bunun üçün siyasi iradə olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər