13 Avqust 2020 20:48
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

Nazir deyib:

"Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik".

Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər