14 Avqust 2020 19:08
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Xarici İşlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Cuniçi Vadanı qəbul edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, C.Vada etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

C.Bayramov Cuniçi Vadanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub. Xüsusilə siyasi, iqtisadi, mədəni, turizm, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

C.Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiya səfirinə məlum verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı sərgilədiyi mövqe haqqında qarşı tərəfə məlumat verilib.

C.Vada C.Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər