Dövlətimizin gördüyü önləyici tədbirlər sayəsində artıq koronavirusa yoluxmada faiz nisbəti nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Doğrudur, bundan əvvəl yoluxmada daha yüksək rəqəmlər qeydə alındı. Bu da əvvəlki yumşalmadan sonra insanlarımızın qaydalara ciddi yanaşmamaları ilə bağlı idi. Amma yoluxmada azalma olan kimi insanlarımızın tamamilə bu təhlükə yoxmuş kimi davranması da yaxşı hal deyil. Çünki təhlükə hələ də var və ona görə qaydalara ciddi riayət etməklə hər kəs özünü qorumalıdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, yoluxma sayında azalma insanların qaydalara ciddi əməl etməsi nəticəsində mümkün olub:
"Şəxsi müşahidələrim nəticəsində deyə bilərəm ki, insanların çoxu maska taxır, gigiyenik qaydalara əməl edir, sosial məsafəni qoruyur. Marketlərdə, ictimai iaşə obyektlərində vətəndaşların sağlamlığı və virusun yayılma arealını daraltmaq məqsədi ilə atılan addımlar yüksək qiymətləndirilir. Dövlətimiz öz vətəndaşının sağlamlığını qorumaq, təmin etmək üçün üzərinə düşən bütün vəzifələri uğurla icra edir. Virusun təsiri tamamilə yox olana qədər dövlət tərəfindən hər bir vətəndaşın qorunacağına əminlik mövcuddur”.
Jalə Əliyeva qeyd edib ki, bəzi Avropa ölkələrində artıq ikinci dalğa başlayıb:
“Ona görə də biz, vətəndaş olaraq hələ də öz sağlamlığımız və təhlükəsizliyimiz naminə daha ciddi düşünməli, qaydalara əməl etməliyik. ikinci dalğa olacağı təqdirdə birlikdə səylərimizi səfərbər edib, bunun da öhdəsindən layiqincə gəlməliyik. Pandemiya başlayan dönəmdən Azərbaycanda hər bir kəs bu məsələdə öz mövqeyini ortaya qoydu. Həkimlərimiz, polisimiz və digər strukturların əməkdaşları gecə-gündüz insanların sağlamlığı, cəmiyyətin təhlükəsizliyi üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”.
Deputat onu da əlavə edib ki, təhsilin davamiyyətini də qorumaq üçün müəyyən tədbirlər görülür və zəruri addımlar atılacaq:
"Valideynlər də, şagirdlər də diqqətli və daha məsuliyyətli olmalıdırlar. Çünki bu xəstəlik hələ bitməyib və təhlükə davam edir. Əlavə olaraq da payız-qış aylarında müəyyən respirator xəstəliklər də artır. Bunları da nəzərə lamaq lazımdır. Ancaq bütün bunlara baxmayaraq, ümumi birliyimiz və həmrəyliyimizlə bu təhlükədən xilas olacağıq. Cənab Prezidentin vurğuladığı kimi, biz birlikdə güclü olduğumuzu bir daha nümayiş etdirərək bu xəstəliyin öhdəsindən gəlməyi bacaracağıq. Xəstəlik evimizdən, ölkəmizdən, dünyamızdan uzaq olsun”.