Belarusda prezident seçkilərini müşahidə edən azərbaycanlı deputat qrupunun üzvü Azər Badamov Minskdə baş verən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Azər müəllim, Belarusda seçkini müşahidə etdiniz. Hansısa qanun pozuntusu və qaydalara zidd hallar müşahidə etdiniz?
- MDB Parlament Assambleyası çərçivəsində beynəlxalq müşahidəçi misiyasının tərkibində prezident seçkisi ilə əlaqədar Belarusda səfərdə olduq. Beynəlxalq müşahidəçilərin seçki qabağı hazırlıq və seçki günündə monitorinqlər aparmaq imkanı var idi. Seçkilərin keçirilməsi və vətəndaşların öz iradəsini azad şəkildə ifadə olunmasına hər cür şərait yaradılmışdı. Biz seçki prosesinin başlanğıcında Minsk şəhərində müşahidələrimizi apardıq. Sonra isə Slusk şəhərində seçki prosesini izlədik. Ölkə vətəndaşlarının 38%-i seçki gününə qədər öz səslərini vermişdi. Seçki günündə də insanların seçki məntəqələrinə gəlişini və heç bir müdaxilə olmadan rahat şəkildə səs verdiklərini müşahidə etdik. Demək olar ki, qanun pozuntusu ilə rastlaşmadıq. Ölkədə bayram ab-havası yaşanırdı. Hətta bir məntəqədə səslərin sayılmasında da iştirak etdik və səslərin böyük qismi hazırkı prezident Lukaşenkoya verilmişdi. Amma bir daha qeyd etmək istəyirəm ki, seçki prosesi yüksək səviyyədə baş tutub.
- Seçkidən sonra ölkədə aksiyalar başlayıb. Belə fikirlər səslənir ki, bu nümayişlər Lukaşenkonu devirmək üçün hazırlanmış plandır və bunun arxasında müəyyən güclər dayanır. Minskdə olarkən bu cür ab-hava hiss olunurdu?
- Belarus aqrar respublika olsa da, təhlükəsiz, sakit, inkişaf edən və mədəni ölkədir. Ölkədə işsizlik çox aşağı, abadlıq, infrastruktur yüksək səviyyədə qurulub. Seçkiyə qədər görüşdüyümüz insanlarla söhbətlərimiz zamanı hamı dövlətdən və prezidentdən razılıqlarını ifadə edirdi. Belarus müstəqil xarici siyasəti yürüdən, sözünü çəkinmədən ifadə edən ölkədir. Bu da bir çox xarici dairələrin xoşuna gəlmir. Bu günün yaratdığı texnoloji imkanlardan istifadə etməklə demək olar ki, gənc nəslin nümayəndələrini dövlətə və prezidentə qarşı qaldırmağa çalışırlar. Bu gün isə etirazlar dalğası müəssisələri, təşkilatları və ümumilikdə bütün ölkəni bürüyüb. Xalq seçkilərdən narazılığını bildirir və yenidən seçkilərin keçirilməsini tələb edir.
- Belarusda baş verənlərin nəticəsi ilə bağlı konkret fikir söyləmək mümkündürmü?
- Seçkidə qalib gəlmiş Lukaşenko insanları sakitləşdirməyə və tezliklə konstitusiyada dəyişikliklər edilməsi və referendum keçirilməsinə razılaşdırmağa çalışır. Yəni ölkədə fikir ayrılıqları günü-gündən artmaqdadır. Etirazların nə ilə başa çatacağı ilə bağlı qabaqcadan fikir söyləmək çətindir. Amma biz Belarusda baş verən prosesləri izləyirik və belaruslara səbr və təmkin arzulayırıq. Bütün bunların mənfi nəticəsi olaraq Belarus iqtisadiyyatı artıq çökməyə başlayıb. Bu gün dünyada böhranlar yaşandığı bir zamanda iqtisadiyyatı düzgün idarə etmək, işsizliyi aradan qaldırmaq, insanların yaxşı və təhlükəsiz yaşayışını təmin etmək hər bir liderin işi deyil. Lukaşenko ən azından bütün bunlara nail olan lider obrazındadır. Düşünürəm ki, belaruslar bu illər ərzində qazandığı dövlətçilik ənənələrini və iqtisadi inkişafını qoruyub saxlasalar daha yaxşı olar. Həyat onu göstərir ki, meydanlarda deyilən vədlər həyatda heç bir ölkədə reallaşmır. Meydanlardan gələn hakimiyyətlərin uğursuzluqlarının da şahidi olmuşuq. Vədlərdə deyilən cənnətin real həyatda öz əksini tapdığını heç vaxt görməmişik.
- Necə düşünürsünüz belaruslar ənənəvi idarəetməni dəyişmək üçün küçələrə axın edir?..
- Müşahidələr ondan ibarətdir ki, bu gün küçələrə axın edən sadə belaruslar nə istədiklərini bilmirlər. Onlar sadəcə çağırışlara qoşulublar və yeniliyik axtarışındadırlar.
- Paralel olaraq Lukaşenkoya dəstək aksiyaları da təşkil edilib. Seçkidə ona qarşı olan rəqiblərin güc nisbətini məhz aksiyalar fonundakı görüntü ilə izah etmək olar?
- Aksiyaların keçirilməsi o anlamına gəlmir ki, Belarusda hamı Lukaşenkodan narazıdır. Kifayət qədər insan var ki, Lukaşenkonu dəstəkləyir və dəstək mitinqlərinə qoşulurlar. Əsasən həyatının ağırlığını görmüş yaşlı nəslin nümayəndələri Lukaşenkonu dəstəkləyir. Gənclər isə sosial şəbəkələrdən gələn çağırışlara aldanır. Çünki hər bir gənc fikirləşir ki, bir az çətinliyi olsa valideyni dəstək verəcək. Lukaşenkonun rəqiblərinin də kifayət qədər gücü var ki, insanları səfərbər edə bilib. Belarusun taleyinin necə olacağını isə zaman göstərəcək. Belarus müstəqil ölkədir və heç kim onun daxili işinə qarışmamalıdır. Belarusların seçiminə hörmətlə yanaşırıq və ölkəyə tezliklə sabitliyin və tərəqqinin qayıtmasını arzulayırıq.