“Nadir Səlifovun qətlə yetirilməsi onun tərəfdarlarına və həmin tərəfdarların nəzarət etdiyi biznes strukturlarına rəhbərlik edən şəxslərə xəbərdarlıqdır. Qətiyyən şübhəm yoxdur ki, bu qətlin sifarişçiləri də, icraçıları da, ssenari-müəllifləri də Rusiyadadır”.
Jurnalist Elçin Alıoğlu belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- “Qanuni oğru” Nadir Səlifov, yəni Lotu Quli niyə öldürüldü, bu, hansı hesablaşmanın nəticəsi idi? Qətldən sonra “Rövşən Lənkəranskinin qisası alındı” kimi iddialar irəli sürülür. Sizcə, bu qətlin Rövşən Canıyev sui-qəsdi ilə bağlılığı varmı?
- Əvvəla, bu qətl 18-19 avqust tarixlərinə hesablanmışdı, yəni Rövşən Lənkəranskinin - Rövşən Canıyevin və Yasamalskinin qətlə yetirildiyi günə. Lotu Quli də həmin tarixdə qətlə yetirildi. Bu, bir simvoldur.
İkincisi, Nadir Səlifovu qətlə yetirdiyi iddia edilən şəxs (Xan Bakinski ləqəbli Xaqan Zeynalov) qətldən əvvəl oteldə aşkar şəkildə və asanlıqla onun arxasınca gedir, onu telefonu ilə çəkir və sosial şəbəkədə paylaşır. “Oğru aləmi”ndə, yəni kriminal aləmdə buna “edam” deyirlər. Bu, sui-qəsd və ya qətl deyil, qisas edamıdır. Prosesi izləyənlərdə, oxuyanlarda belə bir fikir formalaşır ki, bu, Rövşən Canıyevin tərəfdarlarının qisasıdır. Amma bu iddia məndə şübhə yaradır. Çünki dramaturgiya janrının əsas qanunlarından biri budur ki, səhnənin qarşısına tamaşaçının görməsi üçün nəsə qoyulursa, bu, fikir yayındırmağa xidmət edir.
Düşünürəm ki, bu çox əvvəldən hazırlanmış bir əməliyyat idi. Burada məqsəd də Rövşən Lənkəransinin tərəfdarları ilə Lotu Quli arasındakı qarşıdurmanı həll etmək məsələsi deyildi. Məsələ maliyyə ilə bağlıdır. Məsələ budur ki, Rusiyada bir çox biznes trukturlarına, ticarət mərkəzlərinə və bazarlara qeyri-qanuni – kriminal nəzarətin illik dövriyyəsi 6.2 milyard dollar təşkil edir. Bu maliyyə vəsaitələrinə kim nəzarət edirsə, o, “ən legitim qanuni oğru” sayılır.
Əslində “qanuni oğru” adı medianın “əsəri”dir. “Qanuni oğru” olmur, sadəcə oğru olur. Nə qanuni, nə də qanunsuz oğru olmur. Buna görə də düşünürəm ki, Nadir Səlifovun qətlə yetirilməsi onun tərəfdarlarına və həmin tərəfdarların nəzarət etdiyi biznes strukturlarına rəhbərlik edən şəxslərə xəbərdarlıqdır. Qətiyyən şübhəm yoxdur ki, bu qətlin sifarişçiləri də, icraçıları da, ssenari-müəllifləri də Rusiyadadır.
- Sifarişin Rusiyadan verildiyini deyirsiniz. Ətraflı izah edə bilərdinizmi?
- Adətən, killerlər hadisə yerində iz qoymurlar. Muzdlu qətllərin özünün yazılmış və yazılmamış qanunları var. Yazılmamış qanunlara görə, muzdlu qətlin icra edildiyi silah və ya alət dərhal hadisə yerinə atılmalıdır. Muzdlu qatil heç vaxt kimliyini açıqlamır. Qisas olsa belə, bu addımı atmır. Amma son illərdə baş verən qətllərdə başqa məqamları görürük, sanki fəxrlə bildirirlər ki, bunu biz etmişik. Bu, məndə böyük şübhələr yaradır. Qarşıdurmanı iki şəxsin tərəfdarları arasında “qisas” kimi qələmə vermək, 1920-30-cu illərdə yazılmış detektiv əsərlərdə rast gəlinir, bu, Al Kapone dönəminə xarakterik xüsusiyyət idi.
Biznesə nəzarət təkcə post-sovet məkanı ilə məhdudlaşmır. Rusiyadakı kriminalitetin maraqları Ekvadordan başlayıb Afrikanın almaz və boksit mədənlərinə, Cənub-şərqi Asiyadakı narkotik plantasiyalarına qədər böyük arealı əhatə edir. Hətta Okeaniya adalarında bəzi mədənlərə Rusiya kriminaliteti müxtəlif adlar, şirkətlər ofşor strukturlar vasitəsilə nəzarət edir. Təkcə Rusiyanın mütəşəkkil cinayətkar qruplaşmalarının ümumi dövriyyəsi illik 670-680 milyard dollardır. Yəni bu, dünyanın ən böyük korporasiyalarından biridir.
- Yəni “yeraltı dünya”nın ən böyüyü rus mafiyasıdır?
- Yakudza – yapon mafiyası ilə müqayisə etmirəm. Yapon mafiyası çoxdan “ölüb”. Siciliyadakı italyan, rumın, alban və serb mafiyaları da çox zəifdir. Ruslar çoxdan Şərqi Avropanın strukturlarını nəzarətə götürüblər. Hətta rus mafiyası Böyük Britaniyada hüquq mühafizə orqanları üçün ciddi baş ağrısına çevrilib. Təkcə Moskvada bazarlara nəzarət uğrunda gedən mübarizədə 2016-2020-ci illər ərzində 28 nəfər güllələnərək öldürülübsə, 42 nəfər yaralanıbsa, bu, nədənsə xəbər verir.
- Rus mafiyasının tez-tez Azərbaycan klanını hədəf alması təkcə bizneslə əlaqədardır, yoxsa ortada həm də bir nüfuz savaşı var?
- Rövşən Canıyev bir qədər millətçi idi. Yaxın ətrafındakı adamların hamısı Azərbaycan vətəndaşları və ya azərbaycanlılar idi. Nadir Səlifov isə “beynəlmiləl” kimi tanınırdı. Nadir Səlifov 12 illik həbsdən sonra “hakimiyyətə” gəlmək üçün ən müxtəlif millətlərin nümayəndələrindən yararlandı. Son nəfəsinə qədər də yararlanmağa davam etdi. Ən yaxın dostları arasında müxtəlif millətlərin nümayəndələri vardı. “Dost”, yəni həmin aləmin mənsubları.
İkincisi, kriminal aləmdə və ya “yeraltı dünya”da milli mənsubiyyət ən önəmsiz məsələlərdən biridir, onlar buna fikir vermirlər. Birincisi, yazılmamış qanunlara riayət; ikincisi, biznes maraqları.
Yazılmamış qanunlara gəldikdə, “oğru romantikası” 1960-cı illərə qədər davam etdi. Ən son “romantik” 1968-ci ildə Peredelkinoda – Moskva yaxınlığında güllələndi. Bununla da “oğru romantikası” qurtardı. “Oğru romantikası”nın prinsiplərinə görə, “oğru” evlənə, pul yığa bilməzdi, zinyət əşyalarından istifadə etməməli idi, hamısını “obşak”a verməliydi, ya da həbsxana və islah-əmək düşərgələrində cəza çəkən məhbuslara göndərilməliydi.
1969-cu ilin martın 4-də keçmiş SSRİ-də ilk dəfə pulla “oğru” adı alındı. İndiki “oğru”ların arasındakıların əksəriyyəti “oğru qanunları”na riayət etməyənlərdir. Onlar dəbdəbəli həyat tərzi sürürlər, cah-cəlal içində yaşayırlar, əksəriyyəti “romantik oğru qanunları”na xilaf olaraq evlidirlər. İndi həmin “oğru romantikası” bədii əsərlərdə və sosial şəbəkələrdə yayımlanan mahnılarda qalıb. Həmin kriminal aləmin nümayəndələri öz pullarını çoxdan leqal şirkətlərə çeviriblər. Həmin şirkətlərdə çalışanların əksəriyyəti bilmirlər ki, kriminal aləmin puluna işləyirlər. Həmin pullar dövr edir, “yuyulur”, leqallaşdırılır və biznesə qoyulur.
Məsələn, İtaliyadakı rus mafiyası pulları əsasən yol çəkilişlərinə, körpü tikintisinə və kommunal təsərrüfata qoyur. Bunlar ən gəlirli sahələrdir.
- Niyə məhz rus mafiyası?
- Sizin bəhs etdiyiniz “oğru romantikası” Qərbdə yoxdur. Rusiyada isə bunun öz şansonları, öz mahnıları, öz döymələri var. Bu, müəyyən qədər bir sub-mədəniyyətdir. İkincisi, azərbaycanlı “oğru”ların əksəriyyəti ya Rusiyada yaşayır, ya orada öz biznes maraqları var, ya da öz titullarını həmin ölkədə yaşayan “oğru”ların “sxodka”larında alırlar. Buna görə də onlar birmənalı şəkildə Rusiyaya bağlıdır.
- Rus nəşrləri Lotu Qulini “kriminal dünyanın ən təhlükəli siması” kimi təqdim edirlər. Belə bir iddianı ortaya çıxaran əsas amil nədir?
- Hələ Canqvelizde o vaxt deyirdi ki, Nadir Səlifov ən təhlükəli adamdır. Aslan Usoyan (Ded Xasan) qətlə yetirildikdən sonra “oğru”lar arasında həmin hakimiyyət – tac uğrunda mübarizə başladı. Bu mübarizədə Nadir Səlifov qalib gəldi. Nadir Səlifov yeni generasiyalı “oğru” idi. Onun üçün milli mənsubiyyət, yaş, keçmiş xidmətlər heç bir rol oynamırdı. Nadir Səlifov üçün önəmli olan istedad, bacarıq, rəqiblərə qarşı amansızlıq və imperiyanı mümkün qədər genişləndirmək üçün çalışmaq idi.
O, Türkiyədən deportasiya olundu. Bir müddət Monteneqroda, Serbiyada yaşadı, sonra yenə Türkiyəyə qayıtdı. Yəni Nadir Səlifov post-sovet məkanında ilk “oğru” idi ki, kriminal aləmin pullarını leqallaşdırmağa başlamışdı. Bu proses 1960-cı illərdə İtaliyada, 1940-cı illərdə ABŞ-da gedib, hazırda Şərqi Avropada davam edir.
Digər yandan, Nadir Səlifov təkcə Rusiyada yox, bütün post-sovet məkanında nüfuz sahibi idi. Çünki o, öz rəqiblərinə şans tanımırdı. Rəqiblərinə müəyyən vaxt verirdi ki, ya biznesinizi yığışdırın, ya da mən tərəfə keçin. Ona görə Nadir Səlifov təhlükəli hesab edilirdi. Nadir Səlifov çox amansız, sərt bir şəxs idi. Üstəgəl, islahatalara və yeniliklərə açıq idi. Buna görə də onu özlərinə qarşı təhlükəli hesab edirlər, bu səbəbdən onu aradan götürmək lazım idi və bunu da etdilər.
- Hesab etmək olarmı ki, Lotu Qulinin ölümü azərbaycanlıların kriminal aləmdəki mövqeyini zəiflədəcək?
- Bu aləmdə nə azərbaycanlıların, nə gürcülərin, nə də başqa bir millətin yeri yoxdur və ola da bilməz. Məsələn, “oğru”ların toplantısında on gürcü bir məsələni dəstəkləyə bilər, amma bir rus, bir belarus bunun əleyhinə çıxsa, məsələ qəbul olunmur. “Oğru”ların müzakirələrində və ya görüşlərində konsensus və ya qərar qəbul olunur, çoxluğun dediyi yox. Buna görə də azərbaycanlıların mövqeyinin zəifləyəcəyini düşünmürəm və bu olmayacaq. Sadəcə biznes strukturlarına qeyri-leqal və ya illeqal nəzarət mexanizmləri əl dəyişdirəcək. Düşünmürəm ki, Rusiyada yaşayan azərbaycanlılar çox asanlıqla, rahatlıqla öz mövqelərini təslim edəcəklər.
“Oğru” savaşı olmayacaq. Bu ssenarini hazırlayanlar Nadir Səlifovun varisini də hazırlayıblar. Çox yaxın vaxtlarda onun varisinin adını eşidəcəyik.
- Bəs niyə “qanuni oğru”lar son illərdə əsasən Türkiyəyə üz tuturlar?
- Türkiyədə biznes yüksək səviyyədə qanunla təmin olunur. Əvvəllər pullar Çexiya, Polşa və Balkan ölkələrinə yönəldilirdi. Amma həmin ölkələrdə cinayətkarlıqla mübarizə kəskinləşdiyi üçün orada mübarizə gərginləşdi. Türkiyədə isə kriminal bazar hələlik formalaşmayıb. Buna görə də post-sovet məkanından olan “oğru”lar Türkiyəyə can atırlar, çünki orada şirkət, biznes qurmaq asandır. Üstəgəl Türkiyə xaricdən investisiyaların cəlb olunmasında maraqlıdır.
Amma Türkiyə xüsusi xidmət orqanlarının baş verənlərdən xəbərdar olduğunu düşünürəm. Nadir Səlifova sui-qəsd cəhdi üçün müəyyən qruplaşmaya 2 milyon dollar ödənilmişdi. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı bunu əvvəlcədən bilirdi. Buna görə də Rövşən Canıyevin qardaşı da daxil olmaqla 18 nəfər İstanbulda həbs olundu.
- Kriminal dünyada müttəfiqlik prinsipləri varmı, varsa, Azərbaycan klanına ən yaxın olanlar kimlərdir?
- Azərbaycanlılara yaxın olan heç bir klan yoxdur. Üstəgəl kriminal aləmdə müttəfiqlik prinsipi də yoxdur, maraqlar və sədaqət prinsipi var. Əgər azərbaycanlılar kiminləsə yaxşı münasibətdə olurlarsa, demək, onlar nə vaxtsa bunun müqabilində nəsə istəyəcəklər. Buna görə də kriminal aləmdə hər kəs öz yolunu gedir və ümumi qanunlara tabe olur. Amma hansısa maraqlar üçün qısamüddətli birliklər, ittifaqlar və ya qruplar yaradılır, amma bunlar da müvəqqəti olur. Çünki hər kəsin öz maraqları var. Ayrı-ayrı dəstələr birləşərsə, o zaman hansısa ittifaqlar yarana bilir.
- Bəs bu gün əsas mübarizə hansı klanlar arasında gedir?
- Rus mediası mübarizənin etnik zəmində getdiyini yazır, amma mən buna inanmıram. Əsas mübarizənin “qocalar” və “cavanlar” - köhnə və yeni nəsillər arasında getdiyini düşünürəm. Yəni köhnə formasiyalı “oğru”larla, gənc “oğru”lar arasında mübarizə gedir. Köhnələr özlərinə “urka”, “or” deyirlər, gəncləri isə “bespridelşik” adlandırırlar, yəni “heç bir qanuna tabe olmayanlar”.
Köhnələr üçün tatular, döymələr “xüsusi romantika”dırsa, gənclər üçün bunlar tamamilə önəmsizdir. Məsələn, MDB məkanının gənc formasiyalı “oğru”larının bədənlərində tatu çox vaxt olmur. Gənc “oğru”lar çox amansızdırlar. Söhbət 10 milyon, 10 milyard dollardan yox, daha çox məbləğlər uğrunda mübarizədən gedir.