22 Avqust 2020 23:27
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, əlbəttə, mənim şəxsi fikrimdir. Ancaq hesab edirəm ki, o videogörüntülərin sosial şəbəkələrdə yayılması təsadüf deyildi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı akademik, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin (sabiq millət vəkili İlham Əliyevin qızının) məlum toy mərasimi haqda danışarkən deyib.

Politoloq bildirib ki, o ziyafətdə xeyli sayda sabiq və indiki məmur iştirak edib:

“Məlumatlar var ki, orda xeyli çıxışlar, sağlıqlar da olub. Onlardan yalnız biri sosial şəbəkələrə ötürülüb. Hesab edirəm ki, məhz o çıxışda dövlətə meydanoxuma ştirixləri olduğuna görə o görüntü bilərəkdən, qəsdən yayılıb.

Azərbaycanda hər kəs bilir ki, ölkəmizin uğurlarının, dövlətimizi inkişafa aparan strategiyanın, proqramların, həyata keçirilən böyük layihələrin müəllifi birmənalı olaraq Prezident İlham Əliyevdir. Bütün məmurlar məhz Prezidentin iradəsinin ifadəçisi, icraçıdırlar və ya icraçı olublar. Bu baxımdan hər hansı bir sabiq və ya hazırkı məmurun fəaliyyətini şişirtmək, böyütmək başqa niyyətlərdən xəbər verir və bir az da dərinə getsək, dövlətə qarşı çıxmaqdır. Məncə, hazırkı şəraitdə (Pandemiya ilə mübarizə və ölkəmizin müharibə şəraitində olması) Prezident və dövlət məfhumları paralelləşdirilməlidir. Çünki vəziyyət bizdən bunu tələb edir. Əgər biz Azərbaycanda sabitliyin, inkişafın, tərəqqinin tərəfdarıyıqsa, mütləq bu məfhumlar bizimçün bərabər olmalıdır. Dövlətə qarşı çıxmaq Prezidentə qarşı çıxmaqdır və əksinə”.

Politoloq videonun qəsdən yayılmasının daha bir təsdiqi kimi qeyd edib ki, görüntünün doğurduğu reaksiyaya cavab olaraq sözügedən şəxslər üzr istəmək əvəzinə özlərini müdafiə etməyə və cəmiyyətin üzərinə getməyə başladılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər