24 Avqust 2020 00:13
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yaşadığımız çağlar üçün səciyyəvi olan bir reallıq var. Biz adətlər və qanunlar arasında qalmış toplum kimi əziyyət çəkirik.

Bütün bəşəriyyət yeni planet qaydalarına keçir. Prezident Davos standartlarının yaradılmasında şəxsən iştirak edir. Dövlət inanır ki, onun vətəndaşı yeni dövrün sosial-siyasi çağırışlarına adekvat olaraq dövlət müstəqilliyinin əbədi olması uğrunda gedən proseslərdə bütün səmimiyyətilə iştirak edəcək.

Fərqi yoxdur, bu mücadiləni əli silahda cəbhədə verirsən, yoxsa ağzı maskada öz mənzilində.

Bəşəriyyətin indiyədək gördüyü ən dəhşətli pandemiya sözün həqiqi mənasında rahat nəfəs dərməyə macal vermir. Baxmayaraq ki, vəziyyət doğrudan da çox ciddidir. Kritikdir. 4-5 ay əvvəl fəlakətə studiyada mahnıya qatıb oxuyurduqsa, artıq “Yasin” qatıb oxuyuruq. Nə qədər həmkarımızı torpağa tapşırmışıq. Nə qədər həkim itirmişik. Nə qədər polis əməkdaşı vəfat edib…

Yaşlımız da ölüb, yaşıdımız da. Yeni yaşayış-davranış qaydalarına çətinliklə də olsa uyğunlaşırıq. Amma həyat göstərir ki, koronavirusdan da təhlükəli olan nələrsə var. Məsələn, cəhalət! Məsələn, məsuliyyətsizlik. Məsələn, adəti qanundan üstün saymaq. Məsələn, malik olduğun ictimai mövqeyi bioloji üstünlük kimi anlayıb sıravi insanlar üzərində mənsəb irqçiliyi nümayiş etdirmək.

Təsəvvür edin. Yarım ildən artıqdır ki, dövlət vətəndaşın sağlamlığı naminə müəyyən kodekslər tərtib edib, sərt karantin rejimi yaradıb, ciddi maliyyə itkilərinə ona görə gedib ki, onun insanı sağlam olsun, özünü, yaxınlarını maksimum qoruya bilsin. Vətəndaşların böyük əksəriyyəti ən məhrəm günlərini, saatlarını belə “elnən gələn dərdə” qurban verib. Verib ki, bu bəlanın yaratdığı xüsusi vəziyyət yumşalsın. İnsanlar həmişəki kimi işə, məktəbə, toya, yasa gedə bilsinlər. Nəticələr də var. Son zamanıların ciddi açılımları və yumşalmalarına baxmayaraq, vəziyyət qənaətbəxşdir. Sağalanlar yoluxanlardan az fərqlə də olsa çoxdurlar. Hələ ki, çoxdurlar. İlk baxışda hər şey qaydasındadır. Amma nə baş verir? Dövlət zərbə alır. Onun təbliğatı, təşviqatı zərbə alır. Əlbəttə, bunu hansısa savadsız, sadəlövh, məlumatsız, bilgisiz bir sıra adamı edirsə, dözmək olur. Amma pandemiya şəraitinin sərt qaydalarını pozan Azərbaycanın Ən Alim insanlarının başında dayanan biridirsə, bu zaman ciddi düşünmək lazım gəlir.

Uzatmayaq. Elmər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin ya toy, ya nişan, fərqi yoxdu, hər halda şadyanalıq mərasimi olub və bu hadisənin bir neçə cəhətdən fəsadı var. Əvvəla, 83 yaşlı baba “övladda nəvə!” deyərək elə dövlətdə də nəvəni üstün tutub. Ağsaqqallığı, əmək yaşı, bioloji yaşı artıqlamasilə olan Ramiz Mehdiyev həmişə bizə dövləti təbliğ edib, bütün ağırtaxta komissiyaların sədri olub. İşdən azad olunarkən Prezidentə söylədiyi sözlərlə ifadə etsək, bundan sonrakı həyatında və fəaliyyətində də həmişə Ümummilli Liderin siyasətini, İlham Əliyevin həyata keçirdiyi siyasi kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyini vəd edib. “Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq, Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq!” Sitatın sonu.

Əlbəttə, bütün bunlar sözdür, bu sözlərin arxasında belə çıxır ki, pafosdan başqa nəsə yoxdur. Ola bilsin ki, kimsə mənə “axı toyun sahibi o deyil, o vur-tut babadır” və s. desin. Amma yox, elə məsələ də burdadır ki, o “vur-tut baba” deyil. Bura gələn vəzifəli, yüksək çinli qonaqlar da yəqin ki, iki növcavana yox, məhz qüdrətli, daha doğrusu, özünü qüdrətli sayan babaya görə gəliblər.

Məsələ məhz qayda pozuntusunun Elmlər Akaldemiyası prezidenti səviyyəsindən gedir. Təsəvvür edin: bizə nə qədər çətindi indi?

Ramiz Mehdiyev hərəkəti ilə göstərir ki, pandemiya və qanun boş şeydi. Məsələn, hansısa Mir Şahin də burda bar-bar bağırır ki, maska taxın, əlinizi yuyun… Öz yaxınlarını, doğmalarını ürəkləri istəyən kimi dəfn etməkdən ötrü dirsəkləri göynəyən nə qədər insana qıcıqdır bu təntənə?

Bu rus demişkən, “Salyut” kadrları həmin toy-nişan mərasimindən sonra çəkilib. Təxminən 15-20 dəqiqə. Bütün Novxanı görüb bu atəşfəşanlığı. Sadə novxanılılar görüb. Təsəvvür etmək çətin deyil, bu mənzərəni görən sadə camaat nə düşünüb onda.

Paxıllıq? Yox. Qısqanclıq? Yox. İkili standartlar barədə düşünüblər; niyə onlara olar, bizə yox barədə düşünüblər.

Dövlət dəhşətli epidemiya ilə var gücü ilə mübarizə aparır. Prezident, Birinci vitse-prezident sosial məsafə saxlamadan, maskadan istifadə etmədən bir tədbirə belə qatılmır. Burda da Ramiz Mehdiyev ünvanına şəstlə “tost”lar qəbul edir. Hələ bəlkə ikiqat ləzzət də alır ki, Abel Məhərrəmovun rektor kimi cəzalandırılması məhz onun sədrliyi ilə keçən müşavirədə qərara alınmışdı, eybi yoxdur, qoy tərifləsin, ona bu da azdır. Hələ ola bilsin ki, keçmiş rektorun əlindəki qədəhə baxıb o zaman Şeyxin təyyarəsini necə nişan aldığını da düşünür.

İkinci fəsad, pandemiya qaydalarını pozanların həm də Prezidentin siyasətinin təbliğində həlledici rol oynamalı olan hakim Yeni Azərbaycan Partiyasının nüfuzlu rəhbər üzvləri olmasıdır. Axı bu gün sosial şəbəkələrdə qaragüruh faktiki olaraq təkqapıya oynayır.

Məncə, burdakı YAP-çılar nə yapdıqlarının fərqində olmalıydılar. Yəqin ki, bu YAP-çılar toy masası arxasında yox, mübarizə meydanında olmalıydılar.

Və İlham Əliyev göstərdi ki, qanun hamı üçün qanundur. O, Ramiz Mehdiyevin öyrəşdiyi, adət etdiyi prinsiplərin təməlini dağıtdı. Prezident nümayiş etdirdi ki, yeni dünyada, yenilikçi dünyada, yeni planetar çağırışıların qüvvədə olduğu dünyada “Mehdiyevçilik” yaşını və möhlətini itirib. İlham Əliyev Ramiz Mehdiyevin kölgəyə, kölgəliyə hesblanmış divarlarını sındırdı. Bir daha anlatdı ki, heç kimin nə vaxtsa göstərdiyi xidmət qaragün azuqəsi deyil və heç kəsə güzəşt edilməyəcək. Məhkəmə də ona görə belə cəsarətli, müstəqil qərar çıxarmağı bacardı ki, o başlanmış islahatların nəticəsi olan yeni məhkəmə idi və Ramiz Mehdiyevin adından, keçmişindən, nüfuzundan çəkinmək onluq deyil.

Yaxşı baxın: bu bağlı əllər yalnız keçmiş millət vəkili İlham Əliyevin, yaxud qohumunun deyil, həm də oğlan evinin ağsaqqalı Ramiz Mehdiyevindir. Və şəxsən məndən ötrü bu qandalın vurulduğu qolla Kürdəmirdə aparılan əməliyyatda saxlanan icra başçısının qolu arasında daxili bir bağlılıq var. Qolubağlılıq...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər