24 Avqust 2020 11:47
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimizin COVID-19 pandemiyasına qarşı mübarizəsi və gördüyü sistemli iş bütün dünya üçün bir nümunədir. Ölkəmizdə sanitar-epidemioloji vəziyyət davamlı olaraq nəzarətdə saxlanılıb, yoluxma və insan itkisinin artmasının qarşısı alınıb. Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin nəzarətdə olması pandemiyadan az itki ilə çıxacağımıza əminlik yaradır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, görülən işlər Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi məqsədilə həyata keçirilir:

"Dünyanın hər bir ölkəsində olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunub. Karantin rejiminin isə özünün nəzərdə tutduğu xüsusi qaydaları var. Virusun yayılma intensivliyindən asılı olaraq karantin rejimi sərtləşdirilə və yumşaldıla bilər. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində növündən asılı olmayaraq bütün kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Ölkədə bir neçə dəfə bu qaydaların ( toy, nişan, yas və s.) ayrı-ayrı şəxslər tərəfindən pozulduğunun və hüquq-mühafizə orqanları tərəfindən həmin qanunsuzluqların qarşısının alındığının şahidi olmuşuq".

Deputat qeyd edib ki, Azərbaycanın hüquqi və qanunun aliliyinin təmin edildiyi bir dövlətdir:

“Prezident İlham Əliyev də hər zaman çıxışlarında qeyd edir ki, hər bir vətəndaş qanunlara ciddi əməl etməlidir və heç kəs tutduğu vəzifəyə görə imtiyaz sahibi deyil. Cəmiyyətimizin tanıdığı şəxslər, ictimai-siyasi və digər sahənin adamları sadə insanlarımız üçün nümunə olmalı, qanunların aliliyinin təmin olunmasına daha ciddi əməl etməlidirlər. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Heç kəs qanundan üstün ola bilməz. Qanunu pozanlar isə mütləq qanun qarşısında cavab verməlidirlər".


Müəllif: Tapdıq Qurbanlı