Ermənistan–Azərbaycan münaqişəsində son vəziyyət, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri, Beyrut limanında baş vermiş partlayışın törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycanın Livana maliyyə yardımı, ölkəmizin koronavirus pandemiyası ilə bağlı gördüyü tədbirlər və digər məsələlər avqust ayında ərəb dünyasının aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu olmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçirilmiş birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ərəbdilli oxucuların diqqətini yenidən ölkəmizə cəlb edib, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı mövzusunu daha da aktuallaşdırıb.
Həmçinin ərəb dünyasının bir sıra KİV-ləri avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) “Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forumunda UNA-nın İcraiyyə Şurasının üzvü, AzərTac-ın İdarə Heyətinin sədri Aslan Aslanovun çıxışına yer veriblər. Əlliyə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələrinin, rəsmi şəxslərin, diplomatların qatıldığı tədbirdə Azərbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyərlərinin dünyada təbliği üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürlər. Qlobal böhran insanların qarşılıqlı həmrəyliyini, dostluğunu zəiflədə bilməyib, əksinə onu müvəqqəti olaraq ənənəvi ifadə formasından virtual aləmə daşıyıb.
Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Misir, İraq, Mərakeş və digər ərəb dövlətlərində geniş oxucu auditoriyası olan “əl-Hərir”, “əl-Əhdas24”, “Neyruz”, “SPA”, “Shorouknews”, “Sabq”, “Elbalad”, “una-oic.org”, “Rosaelyoussef”, “Gulf365”, “Gulfeyes”, “Masralyoum”, “Asiaelyoum”, “Aljazeera”, “Sadal-arab”, “Akhbarak”, “Theworldnews”, “Pressbee” kimi KİV-lər qeyd edilən mövzularla bağlı AzərTac-ın materiallarından istifadə edərək xəbərlər yayıblar. AzərTac-a istinadla verilmiş xəbərlərin bəziləri ərəbdilli KİV-lər tərəfindən 23 milyondan çox istifadəçisi olan “Nabd” informasiya yayımı tətbiqində da oxuculara təqdim edilib.