30 Avqust 2020 18:13
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qardaş Türkiyə dövlətinin Zəfər bayramının 98-ci ildönümüdür. 26-30 avqust 1922-ci ildə baş verən Böyük hücum (Büyük Taarruz) Türk İstiqlal Hərbinin ən önəmli zəfəridir. Bu döyüşdə yunanlar üzərində həlledici qələbə qazanan Türk ordusunun 2543 əsgəri şəhid olub.

Mustafa Kamal Paşanın bu tarixi qələbəsi dünya türklərinin də sevincinə səbəb olub, Türkiyədən kənarda yaşayan siyasi xadimlər təbrik məktubları ünvanlayıblar. Bu təbrik məktublarından biri də Azərbaycan Cümhuriyyəti xadimlərindən, mühacir həyatı yaşayan Miryaqub Mirmehdiyə aiddir.

Parisə yola düşən Azərbaycan nümayəndə heyətində təmsil olunan Miryaqub bəy Cümhuriyyətin işğalından sonra Avropada yaşamaq məcburiyyətində qalıb. Həmin vaxt Almaniyanın Baden-Baden şəhərində yaşayan Miryaqub bəy tarixi zəfərdən 10 gün sonra Türkiyənin Paris təmsilçisi Əhməd Fərid bəyə təbrik məktubu göndərib.

Teleqraf.com Zəfər bayramı münasibətilə Azərbaycan Cümhuriyyəti xadimlərindən Miryaqub Mirmehdinin Türkiyənin Paris təmsilçisi Əhməd Fərid bəyə göndərdiyi məktubu təqdim edir.

***
Möhtərəm Fərid bəy əfəndi,

Bu son günlərdə Anadoluda cərəyan edən vuquat məni son dərəcə sevindirdiyindən kəndi hissiyyatımı sizə ərz etməyi kəndimə bir vəzifə ədd etdim. Həqiqətən, Türk ordusunun yunanlar üzərində olan bu şaşaadar müzəffəriyyəti Türk irqinin nə qədər müstəsna, nə qədər zində olduğunu bütün parlaqlığı ilə göstərdi; Türk ordusunun bu qədər məhrumiyyətlər içərisində yunan ordusunu əzib xırpalaması bütün müsəlmanları, xüsusilə bir candan, bir irqdən bulunan biz azərbaycanlıları sevincdən sevincə sövq etdi.

Çünki bu müzəffəriyyət bütün Türk, bütün Turan ölkələrini sarsdı və onların nəzərlərini turançılıq pişdarları bulunan Kamalların, İsmətlərin bulunduqları nöqtəyə, o muazzəz Anadoluya cəlb etdi. Çünki onlar bu müzəffəriyyəti Anadolu türklərinə həsr etmiyor, fəqət onu, bəlkə, bütün Turanın, bütün Turan oğullarının bir müzəffəriyyəti kimi tələqqi edərək qayət səmimi alqışlarla qarşılayacaqdırlar. Şimdi kəndimə təsvir ediyorum ki, Anadoludan çıxan bu zəfər xəbəri bir ildırım sürəti ilə nə qədər seri bir surətdə Türk ruhunun bəsləndiyi, Türk qəlbinin çarpdığı böyük, geniş Turanın uzaq köşələrində nə böyük şənliklərə səbəb olmuş, nə böyük ümidlər doğurmuşdur. Bir kaç zamandan bəri diplomatların həll edəmədikləri Anadolu məsələsi kəndi-kəndisindən həmən həll edilmiş oldu.

İştə bu vəsilə ilə Türk ordusunun daha nə böyük müzəffəriyyətlər əldə etməsini və Türk Turan bayrağını daha uzaq Turan ölkələrinə götürülməsini Cənabi Haqqdan təmənni edər və bütün təbrikatımı, bütün təşəkküratımı Türk ordusuna ərz və təqdim etmək üçün Türk ruhunun, Türk hissiyyatının təmərküz etdiyi şəxsinizi vasitə bildiyimdən Türk aləmi üçün bu bayram və şənlik günlərində bir Türk, bir qardaş qəlbindən fəvəran edən bu hissiyyati-səmimanəyi lütfən qəbul buyurmanızı rica edirəm.

Baqi ehtiramati-faikamın qəbulunu rica edirəm”.

Qaynaq:

Dr. Bilal N. Şimşir, “Atatürk Dönemi – İncelemeler”, 2016.
(Miryaqub bəyin məktubu haqqında məlumat verən tarixçi Elnur Xəlilova təşəkkür edirəm)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər