31 Avqust 2020 16:21
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dilbər guşələrindən bir olan Qubadlı rayonunun işğalından 27 il keçir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. 1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmışdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclsin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, həmin dövrdən erməni vandallarının dinc əhaliyə qarşı terror və digər insanlığa zidd əməlləri sistemli şəkildə davam etdirilib:

“Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşüb”.

Ceyhun Məmmədovn sözlərinə görə, 1993-cü ilin avqustun 23-də Cəbrayıl və Füzulinin işğalı ilə Qubadlı düşmənin əsas hədəflərindən birinə çevrilib: "Ermənilər Füzulini və o bölgəni işğal etməklə Naxçıvana gedən quru və dəmir yolu xəttinin kəsilməsinə nail oldular. Qubadlı özünün tarixi abidələri, təbii sərvətləri ilə zəngin bir rayondur. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.

Ermənilər 5000 çox nadir tarixi eksponatların saxlanıldığı Qubadlı tarix diyarşünaslıq muzeyini talan edib. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara, rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri işğal nəticəsində məhv edilib. Eyni zamanda rayonun Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə ermənilərin vandalizminə məruz qalıb”.

Deputat bildirib ki, Qubadlının Hacı Bədəl, Laləzar körpüləri, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır: “Ermənilərin işğal etdikləri ərazilərimizdə tarixi dəyərlərimizə, milli mirasımıza qarşı düşmənin vandalizmi onların siyasi gələcəyinə hesablanmış məkrli bir planıdır.

Çünki düşmən bu ərazilərin onlara məxsus olmadığını çox gözəl bilir. Ona görə də mümkün qədər Azərbaycana aid bütün tarixi faktları məhv etməklə özlərinə saxta tarix uydurmaq iddiasına düşüblər”.

Millət vəkili bildirib ki, bütün fatktlar həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq birliyə bəllidir və pislənilir: “Düşmən bilir ki, günü-gündən güclənən Azərbaycan öz tarixi ərazilərini bərpa edəcək və bununla da onların saxta tarix illüziyaları məhv olacaq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məqsədyönlü siyasət həyata keçirilir. Məhz bu uğurlu strategiya nəticəsində işğal altındakı Azərbaycan torpaqları, o cümlədən Qubadlı rayonu, düşməndən tezliklə azad ediləcək və respublikamızın ərazi bütövlüyü bərpa olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı