Azərbaycanda pandemiya ilə əlaqədar mart ayından etibarən səhiyyə mütəxəssislərdən ibarət komanda yaradıldı. Həmçinin iqtisadiyyat və sosial-təminat sahələrində əməli addımlar atıldı. Dövlətimiz bu dönəmdə də vətəndaşının yanında olduğunu sübut etdi. Görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirusdan ölüm halları digər ölkələrlə müqayisədə az oldu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, digər ölkələrlə müqayisədə Azərbaycan pandemiyadan ən az itki ilə çıxır.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan qaydalar və karantin rejimi öz səmərəsini verir:
“Karantin tədbirlərinin məqsədi məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq idi. Dövlətimiz karantin müddətində qarşıda duran bütün vacib məsələləri həll etdi. Ölkəmizdə əhalinin sosial təminatı yönündə də təxirəsalınmaz addımlar atıldı. Avqustun 5-dən statistik göstəricinin müsbətə doğru dəyişməsini nəzərə alaraq sərt karantin rejimində müəyyən qaydalar ləğv edildi. Bu, həm iqtisadiyyatın davamlılığı, həm də insanların istirahətinin təmini baxımdan vacib addım idi”.
Millət vəkili vurğulayıb ki, müasir səhiyyə strukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdə dayanıb:
“Hazırda bir sıra dövlətlərin əsas prioritetini virusla mübarizə təşkil edir. Bəzi ölkələr artıq ikinci dalğa ilə bağlı narahatlıqlarını bildirir. Bütün bunları nəzərə alaraq ölkəmizdə də yumşalma tədbirləri bu şərtlər gözlənilməklə atılır. Yumşalma addımları elə atılır ki, yoluxma sayı kəskin artmasın. İnsanların səhhətini ön plana çəkən dövlətimiz hər yumşalmada sağlamlığın təminatını üstün tutur. Fəal açılışlara gedən ölkələrdəki vəziyyətə nəzər salsaq görərik ki, həmin ölkələrdə yumşalmalardan sonra xəstələrin sayı kəskin artıb”.
Müşfiq Cəfərov bildirib ki, yoluxmanın dinamikasına görə fərqlənən bölgələrdə yumşalmaların davamlı olması təmin edilir: “Ölkəmizdə müsbət dinamika davam edərsə və yoluxma sayı çoxalmazsa, yumşalma tədbirləri davam edəcək”.