Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı hansı məsələlər gündəliyə təqdim edilib?
- Pandemiya ilə bağlı AŞPA-nın sessiyasının canlı keçirilməsi mümkün deyil. AŞPA-nın onlayn iclasları gələn həftədən aktiv şəkildə başlayacaq. Sessiyanın keçirilməsi isə oktyabr ayında nəzərdə tutulub. Bundan əvvəl ayrı-ayrı komitələrdə iclaslar olacaq. Eyni zamanda AŞPA-nın gündəliyində müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulub. Azərbaycan nümayəndə heyətinin məktubu və müraciəti əsasında işğalçı Ermənistanın iyul ayında Tovuz istiqamətində provakasiyası AŞPA-da müzakirə olunacaq. Avropa Şurasının prezidentindən həm xahiş, həm də tələb olunub ki, bu məsələ ciddi müzakirə edilsin. Paralel olaraq AŞPA-nın həm Siyasi, həm də Monitorinq komitəsində Ermənistanın iyul provakasiyası ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub. Digər komitələrdə də Azərbaycan nümayəndə heyəti olaraq artıq işimizə başlamışıq. Ölkəmizin maraqlarına uyğun bütün məsələlərin bu iclaslarda müzakirəsi təşkil olunacaq. AŞPA-dakı Azərbaycan nümayəndə heyəti artıq ilk iclasını parlamentdə sentyabrın 3-də keçirəcək. Azərbaycanla bağlı AŞPA-nın həm komitə, həm də oktyabrda sessiyalarda qaldırılacaq məsələlərin müzakirəsi təşkil ediləcək.
- AŞPA-nın sessiyasında Ermənistanın Tovuz təxribatı ilə bağlı hər hansı qətnamənin qəbulu gözlənilir?
- AŞPA-da Ermənistanla bağlı mövzu müzakirələr səviyyəsindədir. Azərbaycan nümayəndə heyətinin təkidi ilə bu məsələ müzakirəyə çıxarılıb. AŞPA-nın bu sessiyasında ciddi və kəskin müzakirələrin olması gözlənilir. Bu müzakirələrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq mövcud reallıqda olduqca vacibdir.
- Livanda baş vermiş partlayışdan sonra erməni əsilli ailələrin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı AŞPA, eləcə də ATƏT və digər beynəlxalq təşkilatlarda məsələnin qaldırılması gözlənilir?
- Bu gün Ermənistanın beynəlxalq hüquqa zidd addımlarına qarşı nədənsə susqunluqla yanaşılır. Amma bütün bunlara baxmayaraq, beynəlxalq hüququn təminatı istiqamətində səylərimizi davam etdirəcəyik. Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı Avropa Şurasının Parlament Assambleyasının, Avropa Parlamentinin prezidentinə etiraz məktubları göndərilib. Eyni zamanda Avropa Şurasının siyasi, monitorinq, qaçqın və köçkünlər üzrə komitələrinin üzvlərinə ayrı-ayrılıqda ölkəmizin mövqeyi çatdırılıb. Bununla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər birinə Azərbaycan parlamenti adından müraciətlər göndərilib. Artıq bu qanunsuz köçürmə ilə bağlı məqalələr yazılıb və bütün dünya ictimaiyyətinə müraciət edilib. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın bu hərəkəti tək qanunları pozmur, eyni zamanda bu, beynəlxalq cinayətdir. Çünki cinayət nəticəsində işğal edilmiş ərazilərdə məskunlaşma üçün ailələrin köçürülməsi beynəlxalq hüquqa ziddir. ATƏT-in Minsk qrupu isə bu provakasiyaya qarşı da öz səssizliyini qoruyur. Paralel olaraq beynəlxalq təşklatlar da bununla bağlı öz səslərini ucaltmayıb. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi bu qanunsuz köçürmə ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciətlər göndərib. Bu məsələlərin də AŞPA-nın sessiyasında müzakirəsi təşkil ediləcək.
- AŞPA tutarlı mövqe sərgiləyəcək?
- AŞPA-nın Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma ilə bağlı mövqeyi, bəyanatı, konvensiyası mövcuddur. Çünki təkcə AŞPA deyil, digər Avropa təşkilatlarının özləri də qanunsuz məskunlaşmadan xeyli əziyyət çəkib. Azərbaycan tərəfinin beynəlxalq hüququ əsas götürərək təqdim etdiyi etiraz məktubları artıq həmin təşkilatların masasının üzərindədir. Bununla bağlı artıq müəyyən müzakirələr də aparılır. Amma Azərbaycan beynəlxalq təşkilatlardan daha sərt və qəti mövqe tələb edir.
- ATƏT-in Mins Qrupunun tərkibinin genişləndirilməsi və fəaliyyəti ilə bağlı hansısa dəyişikliklər mümkündür?
- ATƏT-in fəaliyyəti, mövcud məsələlərə olan reaksiyaları onu göstərir ki. onların iş prinsipi heç də qənaətbəxş deyil. Belə davam etsə, ATƏT özü-özünü inkar edəcək. Çünki bu cür fəaliyyət göstərmək onların formatının dəyişdirilməsinə ciddi əsaslar yarada bilər. Mövcud reallıq belədir. Ona görə də, bütün ssenarilərin olması mümkündür.
- Türkiyənin həmsədrliyə gətirilməsi indiki halda real görünürmü?
- ATƏT-in həmsədrlər institutundan başqa Minsk Qrupuna daxil olan ölkələr içərisində Türkiyə təmsil olunur. Türkiyənin hansısa müzakirələr formatında təmsilçiliyi istiqamətində ciddi addımlar atılmalıdır. Azərbaycan tərəfi olaraq biz bunun olmasında maraqlıyıq. İndiki və gələcək reallıqları nəzərə alaraq, Türkiyə-Azərbaycan münasibətlərinin bütün istiqamətlər üzrə daha dərin və sıx əməkdaşlığı təmin edilməlidir. Türkiyə-Azərbaycan birliyini daha da gücləndirmək, bu gücü göstərmək üçün daha ciddi və konkret addımlar atılmalıdır. Bu birlik həm Türkiyə, həm də Azərbaycan üçün olduqca vacibdir.