Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın özünün Tvitter səhifəsində Prezident İlham Əliyevin ötən gün yunan səfirlə görüşü zamanı qardaş ölkə barədə ifadə etdiyi mövqeyini paylaşıb.
"Tək millət, iki dövlət. Tüm dünyaya örnək..." başlığı ilə edilən paylaşımın altında Prezident İlham Əliyevin "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" ifadəsi də əks olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Aralıq dənizində yaşanan gərginliklə bağlı rəsmi Bakının mövqeyini şəxsən ifadə edib.
“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, deyə Prezident İlham Əliyev yunan səfirə bildirib.