3 Sentyabr 2020 12:09
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin Yunanıstanın yeni təyin olunmuş səfiri ilə söhbəti diplomatiya tarixinin çox nadir rast gəlinən tam açıq, şəffaf və qətiyyətli danışıq səhifələrindən biri oldu. Azərbaycan-Yunanıstan münasibətlərinin dünəni, bu günü və faktiki tam dayanmış hala qədər keçdiyi yola dair bütün suallara dəqiq və konkret cavab verildi. İki ölkənin münasibətlərini indiki tam durğun və heç bir dinamika olmayan vəziyyətdən hərəkət etdirmək üçün bundan ideal danışıq üsulu tapmaq mümkünsüzdür.

Teleqraf.com-un məlumatına bu fikirləri “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

O qeyd edib ki, münasibətlərin indiki vəziyyəti üçün məsuliyyət daşıyan tək tərəf Yunanıstandır.

Siyasi ekspert Yunanıstanın hərəkətlərinin konkret faktlarla izah edilməsinin diplomatiya tarixinin ən maraqlı səhifələri sırasına düşəcəyini bildirib:

“Azərbaycan Prezidenti hər şeyi açıq deməklə həm dövlət maraqlarının mübahisəsiz üstün tutulduğunun istənilən şərait üçün əsas olduğunu, həm də vəziyyəti xilas etmək üçün nə edilməsinin vacib olduğunu aydın göstərdi. Yunanıstan hökumətinin rəsmən Azərbaycanı DESFA-nın alınması ilə bağlı tenderə dəvət etməsi və Azərbaycanın qalib çıxdığı tenderi sırf siyasi mülahizələrlə ləğv etməsi dövlətlərarası əməkdaşlıq müstəvisində çox pis nümunədir. Üçtərəfli ittifaq çərçivəsində Yunanıstanın təcavüzkar Ermənistanla birləşərək Azərbaycana qarşı dayanması da ziyanlı nümunədir. Prezident səfirə təsadüfən xatırlatmadı ki, biz eynilə bu şəkildə Rusiyanın da Ermənistanı silahlandırmasını açıq demiş və kəskin etirazımızı bildirmişik. Azərbaycan prezidentinin səfirə demək istədiyi bu idi ki, biz hamı ilə münasibətlərdə müqabil tərəfin maraqlarına tam məsuliyyətli olduğumuz üçün eyni məsuliyyəti tərəf müqabillərimizdən də tələb etmək haqqına malikik. Prezidentin TAP qaz kəməri barədə xatırlatması da tam yerində idi. Bir neçə alternativin olduğu şəraitdə Yunanıstan üçün sərfəli olan TAP-ın seçilməsi Azərbaycanın xoş əməkdaşlıq niyyətinin təzahürüdür və bunun müqabilində Yunanıstanın etdikləri heç bir ölçüyə sığmır”.

Aydın Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin dənizlərlə heç bir bağlılığı olmayan Ermənistana iki dəniz dövləti ilə hərbi ittifaq imkanı yaradan Yunanıstanın xoş olmayan niyyətlərini sadəcə ifşa etdi: “Təcavüzkar və həm də Aralıq dənizinə çıxışı olmayan Ermənistana bu qədər hərbi-siyasi himayəçilik sənin nəyinə lazımdır?!

Prezidentin Türkiyə ilə qardaşlıq barədə dedikləri diplomatiya tarixinə silinməz rənglə yazıldı”.

O vurğulayıb ki, İlham Əliyev 2014-cü ildə Şərq Tərəfdaşlığının Praqa zirvəsində Türkiyəni qaralayan Sərkisyanın cavabını hansı kəskinliklə vermişdisə, eyni tonda cavabı yunan səfirinə də verdi: “Prezidentin yunan səfiri ilə söhbəti tarixi nümunədir və dövlətlərarası münasibətlərdə arqumentli açıq və kəskin tonun çox təsirli üsul olduğunu bir daha təsdiqlədi. Prezident həm də yunan səfirinə çox aydın perspektiv göstərdi. Azərbaycanla sonrakı əməkdaşlığın taleyi yalnız Yunanıstanın siyasətindən asılı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər