3 Sentyabr 2020 19:07
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük diplomatiya milli maraqları müdafiəetmə əzmi, ən doğru siyasət dürüstlükdür. Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində daim milli maraqları qorumaq üçün çoxkombinasiyalı siyasi gedişlər ustası kimi deyil, həm də diplomatik üslub və protokolu dərindən bilən güclü diplomat keyfiyyətləri ilə tanınır. Biz dəfələrlə Prezident İlham Əliyevin ən mürəkkəb şəraitdə ən sadə metodlarla bizə və müttəfiqlərimizə qarşı olan diplomatik həmlələri necə asanlıqla dəf etdiyinin və layiqli cavab verdiyinin şahidi olmuşuq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, eyni hadisəni ən müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, beynəlxalq konfranslarda təşkil edilən debatlarda müşahidə edərək qürur hissi keçirmişik:

“Ona görə də Azərbaycan milli maraqlarını qorumaqda tam müstəqil siyasət yeridən dövlət, tərəfdaşlarının və müttəfiqlərinin maraqlarını qorumaqda isə əsl etibarlı dost kimi tanınıb. Məsələn, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Bu yerində nümayiş etdirilən diplomatik qətiyyət o zaman işğalçı ölkənin prezidentinin üzünə vurulan sillə effekti yaratmışdı”.

Hikmət Babaoğlunun sözlərinə görə, bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə akreditasiya olunmuş səfirinin etimadnaməsini qəbul edərkən yeni bir diplomatik üslubla həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdıraraq bildirdi ki, Yunanıstan, Kipr və Ermənistan birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir.
Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Bu, yerində olan qətiyyətli və milli maraqlarımızın hər şeydən üstün tutulduğunu göstərən fikir və mövqe əslində yaxşı bir diplomatik dərs keyfiyyətində idi. Əmin olmaq olar ki, bundan hamı lazımi nəticəni özü üçün çıxarmış oldu”.

Millət vəkilinin fikrincə, ikinci digər ən mühüm mövqe isə ondan ibarət oldu ki, Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı:

“Prezident bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu fikirlər Türkiyə-Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və bir millət, iki dövlət fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi. Şübhəsiz ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli marqlarımızı qoruyan ən yaxşı vasitədir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər