4 Sentyabr 2020 15:00
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan dövlət səviyyəsində irqi ayrı-seçkilik siyasəti həyata keçirir. Bu ölkədə insanlara mənsubiyyətinə, dininə, dilinə qarşı qısqanclıqla yanaşılır. Məhz ayrı-seçkilik siyasətinə görə Ermənistan Cənubi Qafqazda mono etnik dövlətə çevrilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti özündən uzaqda olan xalqların taleyinə və onun keçmişinə dair yalan informasiyalar tirajlamaqla məşğuldur.

Millət vəkili bildirib ki, başqa xalqlara və millətlərə qarşı ermənilərin illərdir apardığı ayrı-seçkilik siyasəti bu gün də davam edir: “Ermənistanın diaspor məsələləri üzrə komissarı Zare Sinanyanın başqa xalqlara qarşı iftiraları bu dövlətin mahiyyətindən xəbər verir. Çünki onlar təkcə azərbaycanlılara, türklərə deyil, bir çox xalqlara qarşı bu cür absurd yanaşmalar sərgiləyirlər. Erməni diaspor rəhbərinin yaponlar koreyalılarla çinlilərin sintezindən yarandığı, onların 2 min il sonra yaponlara çevrildiyinə dair kimi sərsəm bəyanatı məhz yanlış təfəkkürün nəticəsidir.

Bu bəyanat göstərir ki, Ermənistanın irqi ayrı-seçkilik və uydurma tarix əsasında xalqlar arasında nifaq salmaq siyasəti təkcə Azərbaycana qarşı yönəlməyib. Ermənistan yapon xalqını və dövlətini təhqir edib, yapon xalqının milli identikliyini və formalaşmasını şübhə altına alıb. İşğalçı ölkədə yüksək ranqlı məmurun məsuliyyətsiz açıqlamaları bütövlükdə Paşinyan hakimiyyətinin iç üzünü göstərir”.

Jalə Əliyeva qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür sərsəm bəyanatı Azərbaycanın haqlı mübarizəsində kimlərlə üz-üzə gəldiyini nümayiş etdirir: “Ermənilərin bu yanaşmaları ilə dünya ictimaiyyəti 30 ildən bəri zorla cəlb edildiyimiz müharibənin gerçəkliklərini görmək imkanı qazanacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər