Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edərkən çıxışı yalnız ölkəmizin mövqeyi baxımından deyil, beynəlxalq diplomatiya nöqteyi-nəzərindən də öyrənilməli mükəmməl gediş idi.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən çıxışına münasibətində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan diplomatiyasına bir cəsarət, dünya diplomatiyasına isə səmimiyyət gətirib:
“Yəqin ki, Prezident İlham Əliyevin Ceyhun Bayramovu Xarici İşlər naziri təyin edərkən verdiyi təlimat və göstərdiyi istiqamətləri hamı xatırlayır. Prezident nazirin milli maraqlarımızın müdafiəsində heç nədən çəkinmədən cəsarət və iradəli diplomatiya nümayiş etdirilməsini tələb etmişdi. Bunun nümunəsini isə hər zaman olduğu kimi, öz simasında göstərir.
Azərbaycan artıq öz milli maraqlarını dünyanın bütün platformalarında cəsarətlə müdafiə edən ölkədir və dövlət mənafeyi ortaya gəldiyi zaman heç bir güzəşt edilmədiyini sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yunan səfirlə görüşdə çıxış edərkən 16 iyulda Tovuz istiqamətində düşmən təxribatının qarşısının alındığı və sərhəddə vəziyyətin stabilləşməsindən bir gün sonra, 17 iyuldan başlayaraq, dünənə qədər Rusiyadan Ermənistana silah daşınmasını da bir daha vurğuladı və Azərbaycanın bundan ciddi narahatlıq keçirdiyini Rusiya liderinin diqqətinə çatdırıldığına işarə etdi. Bildiyiniz kimi, bir müddət öncə Prezident İlham Əliyev Prezident Putinlə bu mövzunu telefonda müzakirə etmiş və Azərbaycanın narahatlığını Rusiya liderinin diqqətinə çatdırmışdı.
Yunanıstan səfiri ilə görüşdə də Prezident 3 əsas iqtisaməti vurğuladı: Cənubi Kipr və Yunanıstanın Ermənistanla silah ticarəti, Yunanıstanın sabiq hökumətinin iqtisadi partnyor kimi etibarsızlığı və Şərqi Aralıq dənizindəki gərginlikdə Azərbaycanın birmənalı şəkildə Türkiyənin maraqlarını müdafiə edəcəyini”.
A.Camalqızı Prezident İlham Əliyevin bu çıxışının diplomatiya tarixinə qızıl hərflərlə yazılacağına şübhə etmədiyini də vurğulayıb:
“Prezident çıxışının əvvəlində xüsusi olaraq vurğuladı ki, o, dünyanın ən mötəbər təhsil ocağında diplomatiya təhsili görüb və bütün etiket qaydalarını mükəmməlcəsinə bilir. Bu, belə demək mümkünsə, “preambula” idi və çıxışın təsadüfən deyil, bütün diplomatik etiket qaydaları gözlənilməklə, ancaq açıq, səmimi mahiyyəti üzərində qurulduğunun elan edilməsi idi”.
Politoloq qeyd edib ki, bu cəsarət və səmimiyyət Prezident İlham Əliyevin şəxsi xarakterindən irəli gəlir:
“Prezident İlham Əliyev heç vaxt problemi görməzdən gəlmir. Nazirlər Kabinetinin xalqa açıq keçirilən toplantılarında da hər zaman müşahidə edirik ki, Prezident bütün çatışmazlıqları ən sərt şəkildə ortaya qoyur, problemləri qabardır və onların həlli istiqamətini göstərir.
Prezident İlham Əliyevin xarici siyasət kursu, diplomatik gedişləri də bunun üzərində qurulub: yüksək intellekt, böyük siyasi intusiya, milli maraqların ən sərt şəkildə qorunması və ikiüzlü, örtülü deyil, açıq, səmimi diplomatiya. Prezident İlham Əliyev Yunanıstanla münasibətlərdəki problemləri də görməzdən gəlmədi, açıq şəkildə, birmənalı ortaya qoydu, ikitərəfli münasibətlərdəki problemlərin səbəblərini heç nəyi gizlətmədən səsləndirdi və bu problemlərin həllinin də qarşı tərəfin məsuliyyəti olduğunu dedi. Azərbaycanın dövlət siyasəti də budur: səmimi, qarşılıqlı iqtisadi-siyasi mənfəətə və beynəlxalq hüquq normalarına əsaslanan əlaqələr.
Hesab edirəm ki, bu cür səmimi, beynlxalq hüquqa və milli maraqlara əsaslanan açıq diplomatiya hazırda dünyamıza çox lazımdır: daxildə olduğu kimi, xarici siyasətdə də ikitərəfli əlaqələrdəki problemləri ört-basdır etməklə, onları görməzdən gəlməklə heç bir məsələni həll etmək və münasibətləri nizamlamaq mümkün deyil. Bütün problem açıq şəkildə ortaya qoyulmalı və səmimi şəkildə həlli istiqamətində addım atılmalıdır.
Prezidentimizin də dediyi kimi, indi söz Yunanıstanındır: ikitərəfli münasibətləri əvvəlki səviyyəsinə qaytarmaq üçün keçmiş iqtidarın səhvlərindən nəticə çıxarmaq və Qafqazın ən qüdrətli ölkəsi ilə əməkdaşlıq etmək və yaxud heç bir iqtisadi perspektivi olmayan, işğalçı, beynəlxalq aləmdən təcrid olunan kiçik Ermənistanla hazırkı qanunsuz silah alış-verişini davam etdirmək də Afinanın qərarı olacaq”.