8 Sentyabr 2020 16:48
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin dotluq və qardaşlıq tellərinin möhkəm təməllərə söykənməsi özünü bir sıra tarixi aspektlərdən təsdiq etməkdədir. Məhz bu sarsılmaz və əbədi bağların hər birində şərəf, qürur, əzm, iradə və qətiyyətə xas olan mübarizlik tandemləri dayanır. Ümumiyyətlə, əgər biz Azərbaycan və Türkiyə münasibətlərinin ən möhkəm təməllərə söykəndiyini vurğulayırıqsa, əgər bir millət iki dövlət olaraq, regionda və dünyada baş verən proseslərə eyni çərçivədən yanaşırıqsa, beynəlxalq diplomatiya və hərbi siyasətlərimizə dəstək göstəririksə və belə bir dəstəyin digər başqa dövlətlər arasında olmadığını faktiki olaraq görürüksə, demək ki, bu bir sarsılmaz qardaşlıq amilidir.

Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur

Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” kəlamını ifadə edərkən, bu kəlamın kökündə qardaşlığın ən bariz nümunəsinin özünü nə qədər ali məqamda izhar etdirdiyinin bir daha şahidləri olarıq. Bəli, məhz bu kəlamın nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-16) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar.

Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri şərəflə ana bilərik. Bu gün Azərbaycan torpağında da minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar.

Bu bir silinməyəcək taledir ki, Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur!

Belə bir məqamda, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində bu gün dillər əzbəri olan tarixi kəlamını səsləndirmişdir – BİR MİLLƏT, İKİ DÖVLƏT!

Ulu Öndər Heydər Əliyev: “Biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”

Bu məfhum xalqlarımızın qanına hoparaq özünü bütün məqamlarda, bütün cəhətlərdə əks etdirməkdədir. Hələ Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını Azərbaycana, Naxçıvana açdı və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salmaməsinin məntiqi davamı idi.

Dahi Heydər Əliyev dühası Türkiyəyə olan rəğbətini bu ifadələri ilə də tarixə yazmışdı: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir

Bəli, bu gün də həmin nümunə uğurla davam etdirilir, Ulu Öndərimizin tövsiyələri və arzuları iki qardaş ölkə tərəfindən uğurla reallaşdırılır və hər anda özünü ən açıq şəkildə dünya birliyinə əxz etdirir. Belə ki, bu gün ölkələrimiz arasındakı birlik və bərabərlik dünyanın başqa heç bir ölkələri, dövlətləri arasında mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir. Bu gün dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarında belə bir qardaşlıq amili öz vacibliyini daha qabarıq fonda sərgiləməkdədir.

Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı

Haşiyə çıxaraq, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. O da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır. Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi.

Bu məqamda haşiyənin davamı olaraq növbəti xatırlatmanı da etmək istərdim. Əslində Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub. Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki sarsılmaz (!) qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir.

Prezident İlham Əliyev Türkiyə rəhbərliyinin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini sözün əsl mənasında yerində oturtmuşdu Bu mənada, cənab Ali Baş Komandanımız İlham Əliyev ən yüksək diplomatiya məktəbinin ali nümunəsini, bənzərsiz peşəkarlığını göstərərək, Azərbaycanın Türkiyə dövlətinin yanında olduğunu bəyan etdi. O cümlədən, Türkiyəyə qarşı çıxan tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir.

Yeri gəlmişkən, bir neçə il öncə cənab Prezident İlham Əliyev beynəlxalq sammitlərin birində Türkiyə rəhbərliyinin həmin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini də sözün əsl mənasında yerində oturtmuşdu. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində dünya miqyaslı lider olduğunu da sübut etmişdir.

Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi...

Eləcə də, ötən ay Azərbaycan xalqı Türkiyə dövlətinin növbəti qardaşlıq mücəssəməsinin şahidi oldu. İşğalçı Ermənistanın Tovuz rayonu ilə həmsərhəd ərazilərindəki təxribatçılıq əməllərinin ardınca, dərhal dövlət və ali hakimiyyət səviyyəsində bəyanatlar səsləndirən Türkiyə bu dəfə açıq-aydın olaraq tərəf (!) olduğunu vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi. Çünki söz yox ki, bu gün Ermənistanın işğalçılıq mövqeyini gizli, ya da açıq qaydada dəstəkləyən ölkələr də bu bəyanatlardan sarsıldılar. Artıq sübut olundu ki, heç bir düşmən münasibəti nümayiş etdirən qüvvə nə Azərbaycanı, nə də Türkiyəni ayrı-ayrılıqda görməyəcək!

Rəsmi Bakının Ankara ilə eyni mövqeləri bölüşməsi bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır

Həmçinin, bu məqamda da qeyd etmək yerinə düşərdi ki, iki qardaş dövlət arasındakı hərbi strateji müttəfiqlik özünü bütün sferalarda təsdiq edib

İllər əvvəl “Türk ulduzları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazıldı.

Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu günlərdə də Naxçıvanda yüksək döyüş qabiliyyətlərinə əsaslanan hərbi təlimlər keçirilməkdədir ki, sözügedən reallıq düşməni həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır.

Düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli, birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq.

Bu gün Ermənistan rəhbərliyi müəyyən süni görüntülərlə gah işğal altındakı Qarabağa səfərlər edir, gah “Qadınlar sülh naminə” adı altında siyasi oyunbazlıq göstərib, sonradan silahı Azərbaycanın mülki vətəndaşlarına doğru yönəldir, şəkillər çəkdirib Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayır gah da digər uğursuz cəhdlər edirlər. Əslində isə onlar ilk növbədə ölkələrində artan və qiyama doğru inkişaf edən xalqın narazılığını pərdələmək üçün cəhdlər göstərirlər. Ancaq fakt budur ki, düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli və birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bax, bu həqiqət Ermənistanı ciddi narahat qalmaqda davam edir.

Ancaq o da məlumdur ki, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru da Ermənistana dəstək göstərən bəzi qüvvələrin maraqlarına cavab vermir.

Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir.

Məhərrəm Əliyev,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər