Prezident İlham Əliyevn sentyabrın 7-də İran səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Qəbulda təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə tarixi, dini abidələrə qarşı törətdiyi vandalizm hərəkətləri bərədə məlumat verilib. Bildirilib ki, bu faktlar özünü İslam dünyasının bir parçası hesab edən bütün dövlətləri narahat etməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
O vurğulayıb ki, işğal edilmiş Azərbaycan ərazilərində 67 məscid, 192 ziyarətgah erməni vandalizmi nəticəsində yararsız və baxımsız vəziyyətə salınıb.
Alim XIX əsr abidəsi olan Ağdam məscidinin minarələrinin ermənilər tərəfindən daxildən söküldüyünü diqqətə çatdırıb: ”Ağdam məscidinin tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları pozulub. Füzuli rayonunun işğal edilmiş hissəsindəki Hacı Ələkbər məscidi tamamilə yararsız vəziyyətə salınıb”.
Elnur Kəlbizadə XIX əsr abidəsi olan Şuşa məscidinin guya bərpası adı altında tarixi ornamentlərinin faktiki olaraq məhv edildiyini bildirib: “Şuşa məscidində ermənilərin bərpa adı altında hansı işləri həyata keçirməsinə dair faktlar İrana da yaxşı məlumdur. Həmçinin, işğal altında olan bəzi məscidlərdə donuz saxlanılması, əxlaqsızlıqla məşğul olan erməni qadınlarının bu abidələrdəki müqəddəs atributları təhqir etməsi faktları da mövcuddur.
Ermənilərin bu cür vandalizmi və tarixi, dini abidələrə qarşı təhqiramiz yanaşmaları bütün müsəlmanların hisslərinin təhqir edilməsidir”.