Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.
Bundan başqa iclasın gündəliyinə 7 digər məsələlərin birinci oxunuşda müzakirəsi daxil edilib.
Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda, Şəhərsalma və Tikinti, Əmək, Mülki Prosessual, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlər müzakirə ediləcək.
İclasda “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.