Ermənistanda yaşanan dərin iqtisadi və sosial böhran hökuməti faktiki olaraq çıxılmaz vəziyyətdə qoyub. Sərhədlərin bağlı olması ilə əlaqədar digər ölkələrdə, xüsusən Rusiyada pərakəndə ticarətə qadağa da problemlərə yol açıb. Ermənistana ərzaq məhsullarını gətirilməməsi vəziyyətin gərginləşməsinə, əhalinin iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olub. Bu isə təbii olaraq sıravi ermənilərin Paşinyan hakimiyyətinə qarşı etirazlarını artırır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
Deputat qeyd edib ki, işğalçı ölkənin baş naziri sentyabrın 10-da Nazirlər Kabinetinin iclasında Avrasiya İqtisadi Birliyinə az qala yalvarmağa başlayıb: “Paşinyan birlik ölkələri vətəndaşları üçün sərhədlərin açılması imkanlarını müzakirə etməyin vaxtının gəldiyini dilə gətirib. O, İrəvanın artıq bu formatda müzakirələrə başladığını deyir. Çarəsiz vəziyyətdə qalan Paşinyan yalan və şişirdilmiş məlumatları bəyan etməkdən çəkinmir”.
Cavid Osmanov qeyd edib ki, guya əcnəbilər Ermənistana gəldikdən dərhal sonra koronavirus testindən keçə bilər: “Ermənilərin iddiasına görə 14 günlük karantin tətbiq edilməsinə ehtiyac yoxdur. Bu isə faktiki olaraq isə ölkənin bərbad səhiyyə sistemindən xəbər verir. Paralel olaraq testlərin belə hansı vəziyyətdə keçirildiyinə və nəticələrinin doğruluğuna ciddi şübhələr yaradır”.