Aleksandr Lukaşenko təcrid olunmuş vəziyyətdədir və Rusiyadan dəstək gözləyir. Birinci növbədə siyasi dəstək. Rusiya rəsmən onu prezident kimi tanıyıb. Amma Lukaşenko görür ki, Rusiya da vəziyyətə uyğun olaraq qərarını dəyişə bilər.
Bu fikirləri Teleqraf.com-a politoloq, millət vəkili Rasim Musabəyov Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu gün Soçiyə səfəri və Rusiya Prezidenti Vladimir Putinlə aparacağı müzakirələr haqqında danışarkən deyib.
Musabəyov xatırladıb ki, 3 nəfər Moskvanın mərkəzində fərdi piket etməyə cəhd etdikdə onları avtobusa mindirib, həmin yerdən dərhal kənarlaşdırırlar:
“Ancaq ötən gün Belarusun Moskvadakı səfirliyinin ətrafında 150-200 nəfər Belarusun rəsmi deyil, milli bayrağı ilə aksiya keçirdi, Lukaşenko əleyhinə şüarlar səsləndirdilər. Polis də bunu normal şəkildə müşahidə etdi. Əslində bu nə deməkdir? Məncə, onun nümayişidir ki, Moskvanın Lukaşenkoya dəstəyi birmənalı deyil. Fərz edirəm ki, indi Lukaşenko Rusiyada özünə dəstək axtarır. Mən Rusiya analitiklərini də diqqətlə izləyirəm. Onlar düşünmürlər ki, indiki halda Putin kobud səhvə yol verərək, Lukaşenko ilə ittifaq dövləti və digər mövzuda sənəd imzalasın. Nəzərə almaq lazımdır ki, bu gün Lukaşenko Rusiyada hansı sənəd imzalasa, Belarus xalqı tərəfindən mənfi qarşılanacaq və rədd ediləcək. Ruslar da görür ki, ötən gün çox sayda insan Lukaşenkoya qarşı aksiya keçirib. Belarus müxalifətinin koordinasiya şurasının üzvlərinin çoxunun həbsdə olmasına, bəzilərinin ölkədən getməsinə baxmayaraq aksiyalar davam etdirilir. Təkcə sonuncu bazar günü keçirilən aksiyada 400 nəfər həbs edilib. Ancaq buna baxmayaraq izdihamın qarşısını ala bilməyiblər. Bunlar hamısı faktorlardır və Rusiya bunu nəzərə almaya bilməz”.
Musabəyovun qənaətincə Soçidə Putin-Lukaşenko arasında bir sıra məsələ müzakirə edilə bilər:
“Əlbəttə, Lukaşenko da qeyri-rəsmi vədlər verib, deyə bilər ki, təki məni dəstəkləyin. Ancaq inanmıram ki, bu səfərdə hər hansı bir sənəd imzalansın. Tərəflər belə səhvə yol verməzlər”.
Millət vəkili bildirib ki, Belarus Azərbaycanı tam qane edir:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da Lukaşenko Azərbaycanın maraqlarına dəstək verib. Bunlar müsbət amillərdir. Amma bütün hallarda Belarus xalqının iradəsi hər şeydən üstündür”.
Qeyd edək ki, bu gün Belarus lideri Aleksandr Lukaşenkonun Rusiyaya səfəri başlayıb. Lukaşenko və Putin Soçidə müzakirələr aparacaq.