Teleqraf.com politoloq Oqtay Qasımovla Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasında aylardır müşahidə edilən gərgin durumu və yeni tendensiyaları müzakirə edib.
Müsahibəni təqdim edirik:
- Oqtay bəy, Şərqi Aralıq dənizində bir həftə əvvəllə müqayisədə gərginlik tədricən sakitliklə əvəz olunur. Hər halda Yunanıstan və Türkiyə arasında yaşanan gərginliyin son görüntüsü bundan ibarətdir. Siz hazırda vəziyyəti necə qiymətləndirirsiniz?
- Bu saat Şərqi Aralıq dənizində gərgin durumla bağlı vəziyyət nisbətən səngiyir. Əslində isə orada proses yeni mərhələyə daxil olur. Bildiyiniz kimi dünən Türkiyə Meis adası yaxınlığında seysmik araşdırma aparan “Oruc Rəis” gəmisini Antalya sahillərinə çəkib. Elan edib ki, gəmi növbəti mərhələyə qədər burada qalacaq, növbəti mərhələdən sonra isə gəmi fəaliyyətini davam etdirəcək. Amma bununla paralel olaraq Fransa tərəfindən qızışdırılan Yunanıstan ilə Türkiyə arasında Aralıq dənizində müstəsna iqtisadi zona və adalar məsələsində kifayət qədər ciddi problemlər var. Yunanıstan hələ də beynəlxalq hüququ və 1947-ci il Paris, sonrakı dövrdə London, habelə 1981-ci il BMT konvensiyasına zidd olaraq Türkiyə ilə statusu müəyyən edilməyən ərazilərin ilhaqı ilə məşğuldur. Eləcə də orada özünün hərbi bazalarını yaradır. 1923-cü ildə imzalanan Lozanna müqaviləsinə görə, 18 adanın silahsız bölgə olması nəzərdə tutulurdu, bu adalarda heç bir halda ağır silahlar və hərbi qüvvələr yerləşirilə bilməz. Amma Yunanıstan bunlara zidd olaraq qeyd edilən əməlləri həyata keçirib. Türkiyə mənafeyinə ciddi ziyan vuran bu addımlar qarşısında rəsmi Ankara sözsüz ki, öz maraqlarını qorumalıdır. O cümlədən, 2019-cu ilin noyabrında Türkiyə Liviya ilə Aralıq dənizinin şərqində iqtisadi zonalarla bağlı anlaşma imzaladı. Bu anlaşma BMT-nin Təhlükəsizlik Şurasında təqdim edildi. Bu günə qədər BMT-də bu müqavilənin əleyhinə bir fikir belə səslənməyib. Amma Yunanıstan Fransanın qızışdırıcı mövqeyi ilə bu məsələlərdə destruktiv mövqe tutdu və Türkiyəni Anadolu ərazilərinə sıxışdırmaq niyyətini ortaya qoydu. Sözsüz ki, bu, uğursuz cəhd idi və Türkiyə də öz iddiası ilə qətiyyətini ortaya qoydu. Amma Türkiyə bu məsələdə haqlı olmasına rəğmən xüsusilə bəyan edirdi ki, qonşular və digər sahil dövlətləri ilə problemin danışıqlar yolu ilə həllində maraqlıdır. Bu gün də o mövqeyində qalır. Əslində dünən “Oruc Rəis” gəmisinin Antalya limanına çəkilməsi də Türkiyənin bu məsələlərə konstruktiv yanaşmasının göstəricisidir.
- "Oruc Rəis" gəmisinin limana çəkilməsinin planlı şəkildə olduğu deyilsə də, necə düşünürsünüz, əslində bu addım Ankaranın diplomatik gedişi, güzəştdir və bir növ "dialoqa hazırıq" mesajını verir?
- Əslində daha çox Türkiyənin konstruktiv mövqeni bölüşdüyünün və məsələlərin siyasi yolla, dinc şəkildə həllinin tərəfdarı olduğunun ifadəsidir. Bunu güzəşt kimi də dəyərləndirmək olar. Amma nəzərə almaq lazımdır ki, Türkiyə dəfələrlə elan edib ki, məsələlərin hərbi yolla həllinin tərəfdarı deyil, bu problemi hər iki dövlətin maraqlarının təmin edilməsi şəkildə yoluna qoyulmasına tərəfdir.
- ABŞ Dövlət katibi Mayk Pompeonun Cənubi Kipr Respublikasına səfəri diqqət mərkəzindədir. Dövlət katibinin səfəri Yunanıstan-Türkiyə qarşıdurması ilə əlaqədardır?
- Xeyr, bu, daha çox 10 gün sonra Avropa Birliyi liderlərinin zirvə toplantısı ilə əlaqəli ola bilər. Yunanıstan isirarlı şəkildə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi tələbi ilə çıxış edib. Düşünürəm ki, bu səfər daha çox Avropa Birliyinin sentyabrın 24-25-də keçirəcəyi toplantı ilə bağlı ola bilər. Digər tərəfdən, ABŞ dövlət katibinin bölgəyə səfəri bu problemin həllindən daha çox gərginliyin artırılmasına xidmət edir. Nəzərə alınmalıdır ki, ABŞ 2004-cü ildə Anan planını qəbul edən Kiprin türk tərəfinin mövqelərini nəzərə almadan Kiprin yunan kəsimi ilə məsələləri həll edir. 30 ildən çoxdur ki, Kiprin yunan tərəfinə tətbiq etdiyi silah sanksiyasını da götürüb. Əlbəttə, silah sanksiyasını götürməsi bölgədə ciddi dəyişikliklərə səbəb olmasa da, gərginliyin artmasına xidmət edir.
- Dövlət katibinin məlum səfəri Yunanıstan-Türkiyə gərginliyinin aradan qalxmasına təsir göstərə bilərmi?
- Hər halda Pompeo Yunan Kiprinə səfər edib. Yəni Türkiyə və Yunanıstan dövlət rəhbərləri ilə müzakirələr aparmayıb. Əgər müzakirələr aparsaydı, dediyiniz kimi düşünmək olardı. Görünən budur ki, hər kəs bu məsələdə mövqeyini açıqlayır və kimin tərəfində olduğunu bir formada ortaya qoyur. Məsələn, Almaniya məsələlərdə daha təmkinlidir, gərginliyin tərəfi olan ölkələrdən birinin tərəfini tutmadan mövqeyini ifadə edir. Fransa isə fərqli və qızışdırıcı mövqedən çıxış edir. ABŞ ilk zamanlar məsələyə dair təmkinli və neytral mövqe nümayiş etdirsə də, sonradan bunu dəyişdi. İndi də Yunan Kiprinə silah sanksiyasını aradan qaldırmaqla tərəfsizliyini ortaya qoydu.
Bu arada o da görünür ki, Türkiyə tərəfindən fərqli olaraq həm yunan mediası, həm də ictimai rəyində Türkiyəyə qarşı antipatik ovqat köklənib. Onlar sanki güzəştə getmək mifinin olmadığını nümayiş etdirməyə çalışırlar. Ancaq onların başqa variantı yoxdur. Türkiyənin ən uzun Aralıq dənizi sahil ölkəsi kimi maraqları nəzərə alınmalıdır və yunanlar bunu gözləməyə məcburdurlar.
- NATO çərçivəsində də Yunanıstan və Türkiyə arasında dialoq mühiti formalaşdırılır. Bu, problemin qarşısını ala bilərmi?
- Məsələ sadədir. Tərəflərin hər biri öz maraqlarından müəyyən qədər güzəştə gedərək problemin həllinə nail ola bilərlər. Əks təqdirdə tərəflərdən birini qane etməyən durumun yaranması faktiki gərginliyin davam etməsinə səbəb olacaq. Odur ki, siyasi dialoqun mümkünlüyü, danışıqlar vasitəsilə problemin həlli ən yaxşı variantdır. Tərəflərin maraqları nəzərə alınmaqla beynəlxalq hüquq prinsiplərinə uyğun çıxış edilərsə, məsələ daha ədalətli şəkildə həllini tapar. Nəinki Fransa və ayrı-ayrı ölkələrin bu məsələdə qızışdırıcı rol oynaması. Sözsüz ki, onlar bu addımları ilə həm öz daxili siyasətlərində problemləri həll etməyə, diqqəti daxildən xaricə kökləməyə çalışır, həm də özlərinin iqtisadi maraqlarını həyata keçirirlər. Məsələn, dünən Yunanıstan baş naziri elan etdi ki, Fransadan 18 ədəd hərbi təyyarə alacaqlar. Fransa Yunanıstanı qızışdırır və ona hərbi təyyarəsini satır. Bu təyyarələrin qiyməti isə milyardlarla avro dəyərindədir. Bu, təkcə silah məsələsi deyil, həm də ticarətdir. Yəni regionda belə qarışıq durum var. Fransanın da marağı məhz belə məqamlardadır. O ayrı məsələdir ki, bu addımlarla Fransa həm zəifləyən siyasi reputasiyasını bərpa etməyə çalışır, diqqəti ölkə daxilində müəyyən problemlərdən yayındırmağa cəhd edir, eyni zamanda Avropa Birliyində əsas söz sahibi dövlətlərdən biri kimi çıxış edir və nəhayət iqtisadi maraqlarını güdür.
- Demək istyirsiniz ki, yaxın dövr üçün Şərqi Aralıq dənizində yaranan gərginlik ortadan qalxmayacaq?
- Məncə, bu, zaman aparacaq. Çünki bu saat mövqelər elədir ki, Yunanıstan və onun arxasında dayanan dövlətlərdən çox şey asılıdır. Onların maksimalist mövqeləri bu məsələnin tezliklə və tərəflərin maraqlarına uyğun formada həllinə imkan vermir. Türkiyə əslində bu məsələdə daha konstruktiv və beynəlxalq hüquqa uyğun mövqe sərgiləyir. Sözsüz ki, bu gün yaranan nisbi sakitliyin davamı olaraq Türkiyə birtərəfli qaydada güzəştlərə getsə, bu, türk cəmiyyətində ciddi etirazlarla qarşılana bilər. Bu baxımdan problemin həlli zaman aparacaq. Zamanla hər iki tərəfin maraqlarına uyğun olan ortaq nöqtələrin tapılması da mümkündür. Amma qısa müddətdə olmayacaq.