İranın 15 qonşu ölkəsi var. Ancaq bir daha demək istəyirəm ki, Azərbaycanla münasibətlərimiz nümunəvi münasibətlərdir. Məsələn, İranın cənubunda yerləşən Körfəz ölkələrinin bəziləri ilə yaxşı, bəziləri ilə isə yaxşı olmayan münasibətlərimiz var. Lakin sizin dediklərinizi qəbul etmək olmaz.
Teleqraf.com xəbər verir ki, bunu İran səfir Seyid Abbas Musəvi İranın Ermənistanda münasibətlərinin daha sıx olmasına dair sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, Azərbaycana gəlməzdən öncə İranın əksər sahələr üzrə səlahiyyətli şəxslərilə görüşüb:
“Həmin səlahiyyətli şəxslər mənə bildirdilər ki, bizim Azərbaycanla münasibətlərimizi möhkəmləndirməklə bağlı məhdudiyyət yoxdur. Ümid edirəm ki, mövcud olan hansısa anlaşılmazlıq da aradan qalxacaq və əlaqələri möhkəmləndirmək üçün nə qədər böyük potensialımız olduğunu görmək mümkün olacaq. İran və Azərbaycan rəsmiləri bu iradənin arxasındadır”.
Səfir qeyd edib ki, müxtəlif səbəblər üzündən İranla Azərbaycan arasında bəzi layihələr icra olunmayıb:
“Bir səbəb iki ölkəyə xarici təzyiqlərlə bağlı ola bilər. Lakin yeni dövrdə biz qərara gəlmişik ki, prioritetləri düzgün seçək və xarici qüvvələrə əhəmiyyət verməyək. İki ölkənin rəhbərləri qərara gəliblər ki, icra olunmayan layihələrə diqqət ayrılsın. Digər layihələrə diqqət göstərilməsin. Elə bu səbəbədən də iki ölkə arasında 14 layihəyə diqqət yönəldilib. Bu layihələr barədə Azərbaycan Prezidenti məni qəbul edərkən danışmışam”.