19 Sentyabr 2020 17:26
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə tərəfindən Tofiq Yaqublu haqqında qəbul edilən qərar humanist yanaşmadır və bu qərarı alqışlayıram.

Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, yerli müdafiəçilər, vətəndaş cəmiyyəti qrupları, yerli ziyalılarımız, deputatlar tərəfindən cənab Prezidentin, vitse-prezidentin adına çoxlu müraciət olurdu:

“Azərbaycan dövlətinin siyasətinin əsasında şəvqət, humanizm və mərhəmət dayanır. Prezidentimiz də hər zaman bu prinsiplərə uyğun olaraq addımlar atılmasını tələb edir. Cəza siyasətinin humanistləşdirilməsində addımlar daha da genişləndirilir. Məhkəmə hüquqi islahatlarının dərinləşdirilməsi ilə bağlı 2 aprel 2019-cu il fərmanında mühüm istiqamətlərdən biri də cəza siyasətinin humanistləşdirilməsi, cinayət təqibi zamanı həbs qətimkan tədbirinin minimuma endirilməsidir. Bu, çox vacib məsələdir. Burada insan sağlamlığı müzakirə mövzusudur. Tofiq Yaqublu uzun müddət aclıq elan etmişdi. Əlbəttə, məhkəmədə onun qərarına münasibətdə öz baxışları var idi. Onun səhhəti istiqamətində proseslər inkişaf edirdi. Azərbaycan dövləti, rəhbərliyi, prezident və birinci vitse-prezident insan sağlamlığını prioritet hesab edirlər. Siyasətin aparılması prosesində də məhkəmənin yanaşması çox yaxşı oldu. Vəkillərin müraciətinə baxıldı, cəmiyyətin bu istiqamətdə narahatlığı nəzərə alındı.

Tofiq Yaqublu həm də Qarabağ müharibəsində vuruşmuş insandır. Torpaqların bötövlüyü uğrunda vuruşan insanların səhhətinin ağır vəziyyətə gəlib çıxması dövlət başçısını narahat edə bilərdi. Çünki dövlət başçımız üçün əsgərlər, zabitlər, bütövlükdə Qarabağ qaziləri ən müqəddəs insanlardan sayılır və onlara qayğı, diqqət dövlətin prioritetlərindəndir”.

Əliməmməd Nuriyevin sözlərinə görə, bir çoxu Tofiq Yaqublunun aclıq aksiyası üzərində şou yaratmağa çalışırdı:

“Onlar bu insanın iztirabı, səmimi yanaşması üzərində özünün yeni siyasi proseslərini qurmağa çalışırdılar. İstəyirdilər ki, bu, daha ağır fəsadlara gətirib çıxarsın, ölkə sanksiyalara məruz qalsın. Bununla bağlı xaricdə olan himayədarlar da genişmiqyaslı fəaliyyətə başlamışdılar. Əlbəttə ki, dövlət qurumu heç bir halda belə məsələlərə də əsas verə bilməzdi. Çünki öz vətəndaşını qorumaq, onun sağlamlığını qorumaq dövlətin ali prioritet vəzifələrdəndir və bu istiqamətdə hər zaman addımlar atılmaqda davam edəcəkdir. Heç kəsə bəhanə vermək olmaz ki, onlar öz siyasi məqsədlərinə uyğun olaraq bu insanın taleyi üzərində onun vəziyyətindən istifadə edərək, hətta bəzi hallarda açıq-aşkar səhhəti ilə bağlı ən ağır nəticələri çox arzu edirdilər. Bu əlbəttə ki, yolverilməz məsələ idi və belə siyasi alverlə son qoyulmalı idi. Məhkəmənin qərarı məhz bu baxımdan da alqışalayiqdir. İnanıram ki, qarşıdakı apellyasiya şikayətinə baxılarkən də məhkəmə daha ədalətli qərar qəbul edəcəkdir.

Bu qərar Tofiq Yaqublunun həbs olunmasından siyasi məqsəd üçün istifadə edən insanları çox narazı salıb. Bu təəssüf doğuran məsələdir. Belə bir təfəkkür sahibi olan insanları qiymətləndirməyə çox çətinlik çəkirəm”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər