19 Sentyabr 2020 16:23
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün baş verən bir vətəndaşın məhkəmə prosesi bu gün də gündəmdədir. Bu Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu, istənilən məsələnin hüquq müstəvisində həll edildiyini göstərir. Eyni zamanda nümayiş oldundu ki, Azərbaycan dövləti üçün vətəndaşının hansı siyasi mənsubiyyətdə olması əhəmiyyətli deyil. Bütün hallar nəzərə alınaraq ötən gün Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barədə qərar qəbul edildi. Sonrakı məsələlərə də ardıcıl olaraq baxılacaq.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, bu addım Azərbaycanda vətəndaşların hüquqlarının qorunmasına diqqət yetirildiyini bir daha göstərdi:

"Azərbaycan dövləti vətəndaşının törətdiyi əmələ görə cəzalanmasında deyil, onun səhvini başa düşməsində, cəmiyyət üçün təhlükəsiz olmasında maraqlıdır. Bu, təkcə Tofiq Yaqublu ilə bağlı olan məsələ deyil. Azərbaycan məhkəmələrində yüzlərlə belə hallar olub. Yüzlərlə dustaq evinə buraxılır, cəza müddəti azaldılır, bəraət verilir. Əlbəttə ki, qatı cinayətkarlar həbsdə qalmalıdırlar. Amma öz səhvini başa düşən, cəmiyyət üçün təhlükəli olmayan şəxslər evlərinə buraxılırlar".

Deputat son dövrdə Azərbaycanda elektron qolbaqla məhdud ərazidə yaşamağı vacib edilən dustaqların çox olduğunu vurğulayıb:

"Belə olan halda həmin insanlar daim öz ailələrinin yanında, hansısa bir əmək fəaliyyəti ilə məşğul olurlar. Bu isə Azərbaycanın demokratik, vətəndaşının hüquqlarını özünün fəaliyyətinin əsas istiqaməti olduğunu hesab edən bir dövlət olduğunu göstərir. Amma müəyyən müxalif dairələr bu məsələni siyasiləşdirməyə çalışırlar. Adi bir məişət hadisəsini bunlar siyasi məsələ kimi qiymətləndirməyə cəhd edirlər. Bu məsələni genişləndirməyə, ümumən bundan hakimiyyətə qarşı mübarizə variantı kimi yararlanmağa səylər göstərilir”.

Aydın Mirzəzadə qeyd edib ki, indiki müxalif dairələrin hakimiyyətdə olduğu 90-ci illərdə ölkəmizdə ölüm hökmü gündəmdə idi:

"Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gələn kimi ölüm hökmünün ləğvi məsələsini diqqətə çatdırdı. Ölkədə mövcud olan cinayət məcəlləsinə yenidən baxıldı. Cəzaların yüngülləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. Bütün bunların fonunda onu demək olar ki, istənilən halda xırda bir məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Çünki bundan siyasi divident götürülməsi məsələsi baş tutmayacaq. Azərbaycan vətəndaşları məsələni olduğu kimi görür və dövlətin hümanistliyinə, insansevərliyinə qiymət verir. Bu məsələdə cənab Prezident İlham Əliyev hər zaman hakimiyyəti vətəndaş üçün işləməyə, məmurları vətəndaşların qayğıları ilə yaşamağa yönəldib".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər