Əsrin müqaviləsi müasir Azərbaycanın müstəqilliyinin əbədi olmasına töhfə verən böyük tarixi sənəddir. Azərbaycan 1991-ci ildə müstəqillik elan etmişdisə, "Əsrin müqaviləsi" bu müstəqilliyin əməli və ifadəsidir. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Sovetlər dövründə neft gəlirləri heç də Azərbaycanın inkişafına yönəldilməmişdi. Müstəqil ölkə olmağımız isə bu resursların Azərbaycan xalqının rifahına xidmət etəməsinə imkan verdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
O qeyd edib ki, həmin dövr üçün dünyanın 11 aparıcı şirkətini Azərbaycana dəvət etmək, sərmayə qoyulmasına inandırmaq asan məsələ deyildi.
Deputat bildirib ki, o dövrd regionda sabitliyin olmaması fonunda Azərbaycanın gələcəyinə belə qeyri-müəyyən yanaşmalar var idi:
“Torpaqlarımızın işğalı, daxili vəziyyət, Gəncə hadisələri və bir çox səbəblər beynəlxalq şirkətləri ölkəyə sərmayə qoyuluşundan çəkindirirdi. Amma ulu öndər Heydər Əliyevin siyasi dühası nəticəsində aparıcı şirkətləri inandıracaq bir mühit formalaşdı.
Müqavilə sentyabrın 20-də imzalandı, ölkəmizə 100 milyard dollarla sərmayə axını baş verdi. Bu sərmayələr həm neft sektorunu əhatə etdi, həm də qeyri-neft sektoruna yatırıldı. Müasir Azərbaycanın inkişafının təməli formalaşmağa başlandı.
Karbohidrogen ehtiyatlarının zənginliyi heç də demək deyil ki, neft o ölkənin vətəndaşlarının firavanlığına xidmət edəcək.
Dünya praktikasında biz neft-qazla zəngin çoxlu ölkələrin necə acınacaqlı taleyinə şahid olmuşuq. Məhz ümummilli liderin strategiyası nəticəsində neft resursları milli sərvət olaraq xalqa xidmət etməyə başladı”.
Millət vəkili neft kontraktının əhəmiyyəti ilə yanaşı ölkənin sosial-iqtisadi inkişafı, siyasi təhlükəsizliyinin də önəminə diqqət çəkib.
Vurğulayıb ki, neft kontraktları Azərbaycanı dünya ölkələri ilə enerji ixracı xətləri vasitəsilə birləşdirdi: “Bakı-Tiblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum xəttinin davamı olaraq Cənub Qaz Dəhlizinin inşası dünya enerji ixrac xəritəsinin yenidən qurulmasını gündəmə gətirib. "Əsrin müqaviləsi" Azərbaycanın dünya enerji təhlükəsizliyinin təminatında rolunu artırdı.
Eyni zamanda iqtisadi müstəqilliyimizi təmin etdi, neft sənayesi yenidən quruldu. Sovetlər dövründə yararsız sayılaraq istismarı dayandırılmış yataqların fəaliyyəti bərpa edildi. Dənizin daha dərin qatlarında qazma işləri aparılmağa başladı. Bunun nəticəsində ixracın təşkili ilə ölkəmizə milyardlarla dollar valyuta axını təmin edildi. Bu gəlirlər hesabına 17 min kilometr avtomobil, Bakı-Tiblisi-Qars dəmir yolu tikilərək istifadəyə verilib. Tarixi İpək Yolu marşrutu bərpa edildi. Silahlı Qüvvələrin müdafiə qabiliyyəti gücləndirildi, 3700-ə yaxın təhsil müəsisələri, ölkədə bütün regionlar da səhiyyə ocaqları yenidən quruldu. Eyni zamanda ölkənin inkişafını şərtləndirən bütün zəruri addımlar atıldı. Əmək haqları, pensiyalar dəfələrlə qaldırıldı. İnsanların sosial rifahının yaxşılaşmasına xidmət edən addımların davamlı olması "Əsrin müqaviləsi"nin verdiyi töhfələrdəndir”.
Azər Badamov ölkənin iqtisadi gücünün artmasının beynəlxalq arenada mövqeyimizin də möhkəmlənməsinə təminat yaratdığını söyləyib.
Onun fikrincə, "Əsrin müqaviləsi"nin imzalanması regionda ölkəmizin təhlükəsizliyini təmin etmiş oldu: "Ulu öndərin imzası ilə təsdiq olunmuş "Əsrin müqaviləsi" 26 il xalqımızın rifahına, ölkəmizin güclənməsinə xidmət edib. 3 il əvvəl isə Prezident İlham Əliyevin imzası ilə yenidən təsdiq olunmuş 2-ci "Əsrin müqaviləsi" 2050-ci ilə qədər ölkəmizin inkişafına xidmət edəcək. Bu müqavilədə pay bölgüsü əsasında Azəri-Çıraq-Günəşli yataqlarının yenidən işlənməsinə və karbohidrogen resursların xalqımızın rifahına xidmət etməsinə imkan verəcək.
Millət vəkilinin sözlərinə görə, heç kim bilmir ki, 2050-ci ildən sonra dünyada neftə tələbat hansı səviyyədə olacaq: “Elm-texnikanın inkişafı alternativ enerji vasitələrindən yararlanmaq imkanlarını artırır. Ona görə də, neft və qazın ixracından gələn gəlirlər ölkəmizin gələcək çağırışlara uyğunlaşmasına imkan verəcək".