21 Sentyabr 2020 15:43
3 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının formalaşmasında iştirak etmiş türksoylu xalqlardan biri də saklardır. Ön Asiya və Qafqazda yaşayan iskit və saklarla bağlı zəngin tarixi mənbələr mövcuddur. V.V.Struve, Q.A.Melikaşvili, İ.M.Dyakonov, B.B.Piatrovski, E.İ.Krupnov, B.A.Litvinski, V.F.Minorski kimi tarixçilər Azərbaycanda, Ön və Mərkəzi Asiya, Şimali Qafqazda sakların yaşadığını təsdiqləyir. Əksər antik müəlliflərin əsərlərinə istinad edən bu tarixçilər sakların Azərbaycan ərazisində yerləşməsini açıq göstərir. Eyni zamanda sakların Dərbənd və Dəryal keçidi vasitəsilə eradan əvvəl VII əsrdən Qara dənizin şimal sahilləri, Krım yarmadasından gəldikləri haqında məlumat verilir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bildirib.

Alim qeyd edib ki, görkəmli tarixçi Yusif Yusifov da sakların gəlmə xalq olduğunu, ölkəmizə e.ə. VII əsrdə köç etdiyini vurğulayıb. “Eramızdan əvvəl VII əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkinbində sak tayfalarının Ön Asiyaya böyük axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır”.

Tarixçi bildirib ki, Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası zəngin tarixi, maddi-mədəniyyət abidələri ilə seçilir: “Buradakı alban dövrü abidələrinin ornament və simvolları bu ərazilərin türklərə məxsusluğunu təsdiqləyir. Görkəmli qafqazşünas tarixçi alim Y.Krupnov bu barədə yazıb: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənərək, belə bir nəticəyə gəliblər ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar. Çünki həmin abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur”.

Taleh Cəfərov vurğulayıb ki, Arsax bizim tariximizlə, soy-kökümüzlə bağlı toponimdir: “Bu, erməni tarixçilərinə də sirr deyil. Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Kür çayından cənubdakı ərazisi dörd vilayətə - Arsax, Uti, Paytakaran və Sünikə bölünür. Adlarını çəkdiyimiz ərazilər eramızın I-VI əsrlərində Albaniya Arşagidlərinin, VI-VIII əsrlərdə Mehranilərin hakimiyyəti altında olub.

IX əsrdə isə ərəblər Mehranilərin hakimiyyətinə son qoyaraq, Arsaxı-Qarabağı Xilafətin tərkibinə daxil ediblər. Ərəb işğallarından sonra, əsasən, düzənlikdə yerləşən “Uti” “Arran”, “Arsax” isə “Aqvan” adlandırılıb. Tədqiqatçıların da qeyd etdiyi kimi, Arsaxın erməniliyə heç bir aidiyyəti yoxdur. Burada heç vaxt erməni, yaxud hansısa bir qafqazdilli tayfa məskunlaşmayıb. Bu ərazidə ancaq köklü türkdilli etnosların, azərbaycanlıların ulu babaları - utilər, sovdeylər, qarqarlar, saklar, hunlar, qoroslar, peçeneklər, qıpçaklar, xəzərlərin yaşaması mənbələrdə dönə-dönə təsdiqlənir. Həmin ərazidə, yəni, Qarabağda bura ermənilər köçürülənədək erməni mənşəli heç bir toponimə rast gəlinməməsi də bunun bariz ifadəsidir”.

Tarixçinin sözlərinə görə, Arsak və ya Arsax - Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. Eramızdan əvvəl II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan bəzi ərazilər (Cənubi Azərbaycan) Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin geniş işlədilməsi Arsak sözünü sıxışdırıb. Lakin hələ də Qarabağ sözü ilə paralel işlədilməkdədir”.

Taleh Cəfərov qeyd edib ki, Alban dövlətinin süqutundan sonra (705) patriarxlığın mərkəzi Arsaxa keçir: “Mənbələrdə də Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” kimi adlandırılıb. İlk orta əsrlərdə erməni tarixçilərin əsərlərində bu ifadə Artsax kimi verilib. Türkcə izaholunduğu halda, bu söz qədim, yaxud müasir erməni dilində heç bir məna, anlam kəsb etmir.

"Azərbaycan tarixi"ndə (1997, II cild) qeyd edilir ki, Arsax (antik mənbələrdə Orxistiana) vilayəti sağ sahil Albaniyasının (hazırda Qarabağın Dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. “Erməni coğrafiyası”na görə, bu əyalət öz növbəsində 12 kiçik inzibati vahidə bölünürdü. Arsax əhalisinin türksoylu albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər