21 Sentyabr 2020 17:24
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan təmas xəttində, Azərbaycanla sərhəddə növbəti hərbi təxribata ət atır. İyulda törətdikləri təxribatın ardı olaraq yenidən Tovuz istiqamətində hərbi avantürlarını davam etdirır. Erməni təxribatı nəticəsində bir hərbi qulluqçunuz şəhid olub. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Heç şübhəsiz ki, iyul döyüşlərində olduğu kimi Azərbaycan Silahlı Qüvvələri əsgərimizin qisasını layiqincə alacaq.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, cənab Ali Baş Komandan İlham Əliyev də bəyan edib ki, düşmən müharibəyə hazırlaşır. Deputat vurğulayıb ki, bununla bağlı Azərbaycan tərəfinin əlində çox ciddi kəşfiyyat məlumatları var: “Azərbaycan xüsusi xidmət orqanları da öz işinin öhdəsindən layiqincə gəlir. Ermənistanın təxribata yox, ciddi müharibəyə hazırlaşdığı ilə bağlı məlumatlar mövcuddur. Belə olan halda düşmən güclü Azərbaycan Ordusu, Ali Baş Komandan və xalqın birliyi ilə üz-üzə qalacaq. Beləliklə, işğalçı aprel döyüşlərindən daha dəhşətli şəkildə öz cavabını almış olacaq.

Cənab Prezident, Ali Baş komandan bildirmişdi ki, aprel döyüşlərində biz ordumuzun arsenalının cüzi bir hissəsindən istifadə etdik. Ordumuzun bütün imkanları həmin vaxt işə salınsaydı düşmən ölkədə daş üstündə daş qalmazdı”

Elman Nəsirov qeyd edib ki, artıq müharibə labüdləşir və bunun məsuliyyəti işğalçı Ermənistanın üzərinə düşür: “Eyni zamanda Ermənistana himayədarlıq edənlər də məsuliyyət daşıyırlar. Beynəlxalq ictimaiyyət bu halda məsuliyyətdən kənarda qala bilməz. Çünki Ermənistana qarşı heç bir təsiredici mövqe sərginlənmir”.

Milət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu qətiyyətsiz davranışı, ünvansız bəyanatları ilə işğalçıda arxayınçılıq sindromu yaradıb: “Bunun nəticəsində işğalçı dövlət daha da şirniklənib. Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni müharibə, yeni ərazilər" tezisini reallaşdırmaq istəyirlər. Amma onların arzusu yenə də gözündə qalacaq. Çünki qarşılarında güclü, qətiyyətli Ali baş Komandanının rəhbərliyi ilə ordumuz var. Növbəri sarsıdıcı zərbə ilə düşmən yerinə oturdulacaq”.

Deputat bildirib ki, aprel döyüşlərində Ermənistana vurulan zərbə ilə generallarının mütləq əksəriyyəti ordudan qovuldu: “Bunun ardınca işğalçı ölkədə hakmiyyət dəyişikliyi baş verdi. İndiki halda Paşinyanın bu hərbi avantürası da ona baha başa gələcək. Bununla bağlı artıq cənab Prezident öz xəbərdarlığını edib. Ona görə də işğalçı dövlət və separatçı rejim, erməni silahlı qüvvələri cəzalandırılacaq”.

Parlamentarinin sözlərinə görə, Azərbaycan Ordusunun cavab zərbəsi ilə Ermənistanda bundan sonra yeni bir inqilab baş verəcək: “Artıq Paşinyan bu dəfə Sarkisyanın yanına göndəriləcək. Bütün bu reallıqlar qaçılmaz görünür”.

Elman Nəsirov vurğulayıb ki, indiki halda hər birimiz müsəlləh əsgərə çevrilməliyik: “Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx, monolit birlik nümayiş etdirməlidir. Artıq ölkəmizdə səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, sabitlik, əmin-amanlıq mövcuddur. Ermənistanda isə xalq-hakimiyyət birliyi mövcud deyil. Ona görə də, ağılsız qərarlar verirlər. Bu müharibə Ermənistandakı hakimiyyətin sonunun başlanğıcı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər