Ermənilərin ağası onları qəsdən müharibəyə sürükləyir. Ola bilsin ki, məqsədləri Azərbaycan ərazilərini parça-parça almaqdır. Ancaq onlar bu istəklərini həyata keçirə bilməyəcəklər. İnanıram ki, ordumuz onlara layiqli cavabını verəcək.
Bu sözləri Teleqraf.com-a hüquq elməri professoru Rüstəm Məmmədov son erməni təxribatı haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarına sahib çıxmaq heç vaxt Ermənistana nəsib olmayacaq:
“Ermənilərin istəyi çox ola bilər. Amma indi başqa zamandır. Azərbaycan ilə Türkiyənin daha da yaxınlaşması müşahidə edilir və hesab edirəm ki, bu ermənilərə ən yaxşı cavabdır”.
Siyasi şərhçi həmçinin diqqəti konfliktlə bağlı vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupuna yönəldib:
“Həmsədrlərin fəaliyyəti faktiki olaraq yoxdur. Mən əvvəldən demişəm ki, Minsk Qrupunu buraxmaq lazımdır. İyulun 12-də ermənilərin Tovuz təxribatından ötən dövr ərzində Minsk Qrupundan real fəaliyyət görməmişik. Bu qrupda təmsil olunanların üçü də Ermənistana yaxındır. Bir daha o fikirdəyəm ki, bu qrupu buraxmaq lazımdır”.
Müsahibimiz əlavə edib ki, ABŞ dövlət katibi Mayk Pompeonun tərəfləri sülh danışıqlarına səsləməsinin əhəmiyyətli olacağına inanmır:
“İndi bunların hamısı boş söhbətdir”.