Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir:
“Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir”.
Cəlil Xəlilov qeyd edib ki, ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir:
“Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Ali Baş Komandan İlham Əliyev ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir.
Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.
2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.
Bu il Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, iyul ayında Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edərək, təmas xəttinin Tovuz istiqamətində hücuma keçərək Azərbaycan Ordusunun mövqelərinə doğru irəliləməyə çalışıb:
“Lakin şanlı Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan Ordusu tərəfindən qətiyyətlə dəf edilib. Bu Azərbaycan Ordusunun qətiyyətindən xəbər verir. Ermənistan və ona havadarlıq edən qüvvələr artıq Azərbaycan Ordusunun gücünü və qüdrətini bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”.