“Hazırda işğal faktını aradan qaldırmaq üçün yeganə yol antiterror əməliyyatlarına başlamaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə daxilindəki separatizmə qarşı siyasət aparır. Hesab edirəm ki, bu məsələ ilin sonunadək həll olunmalıdır, əks halda problem daha da mürəkkəbləşəcək”.
Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Əvvəlcə Rusiya Xarici işlər naziri Sergey Lavrovun adından beş rayon məsələsi ilə bağlı açıqlama yayıldı, çox keçmədən Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən təkzib edildi. Bunu necə izah etmək olar?
- Beş rayon məsələsi “Kazan sənədləri” və “Madrid prinsipləri”ndə də vardı. Yəni münaqişənin mərhələli həll planları bir neçə dəfə müzakirə olunub. Sonra isə Lavrov bunları öz adına çıxdı – “Lavrov planı” kimi gündəmə gəldi. Bu, çox təhlükəli bir yanaşmadır, əslində ermənilərin mövqeyini özündə əks etdirir. Ermənilər beş rayonu Azərbaycana qaytarmaqla vaxt qazanaraq Kəlbəcər, Laçın və Dağlıq Qarabağı bizdən qoparmağa çalışırlar. Ətraf rayon beş yox, yeddidir. Dörd rayon da Dağlıq Qarabağa daxildir, o da işğal altındadır.
Bu, həm Azərbaycandakı coşqunu sakitləşdirməyi, insanları arxayın salmağı, həm də türk ordusunun buradan getməsini təşkil etməyi, sonra da Azərbaycana təzyiqlər edərək öz planlarını həyata keçirməyi özündə ehtiva edir.
Lavrov nə qədər hiyləgər olsa da, etiraf etmək lazımdır ki, peşəkar siyasətçidir. Çünki o, uzun müddətdir bu sahədə çalışır. Adamın 70 yaşı var, həyatının 50 ilini diplomatiyaya həsr edib.
Onu da görürük ki, torpaqların azad edilməsi tələbi ilə Azərbaycanda başlayan coşqu nə ruslar, nə də ermənilər tərəfindən gözlənilirdi. Onlarda belə bir fikir formalaşmışdı ki, artıq Azərbaycan xalqı öz taleyi – Dağlıq Qarabağın işğalı ilə razılaşıb. Ötən əsrdə belə bir addım ata bilmişdilər. Bu, ermənilərdən çox Rusiyanın planıdır, məqsəd Cənubi Qafqaza nəzarəti əldə saxlamaq üçün Azərbaycanın başını qatmaqdır. Məsələn, bu məqsədlə Gürcüstanı ərazi cəhətdən yaralı vəziyyətdə saxlayırlar.
- Bəs bu planın həyata keçməsinə müvəffəq ola bilərlərmi?
- Ərdoğan Rusiyanın bu planını pozdu. Buna görə də ruslar Ərdoğanla üz-üzə gəlmək istəmirlər. Çünki Türkiyə NATO üzvü olan dövlətdir. Türkiyə hansısa mübarizəyə girsə, bu, NATO-nun da mübarizəsi demək olacaq. Bu da Rusiyanın sonu deməkdir. Fikir verin ki, vəziyyət dəyişməyə doğru meyllənən kimi Putin təcili addımlar atmağa başladı.
Hesab edirəm ki, Azərbaycan çox ciddi bir dönəmdən keçir. Bilirsiniz ki, “5-ci kolon” Azərbaycanda kifayət qədər ciddi işlərlə məşğuldur. Burada bir neçə istiqamətdə Azərbaycanın əleyhinə işləyirlər. Belə bir durumda Lavrovun təklifləri ilə arxayınlaşmaq təhlükəli olar. Hesab edirəm ki, indiki məqamda əsas ağırlığı Dağlıq Qarabağa salmaq daha doğru addımdır. Prezidentin bu yöndə atdığı addımlar çox uğurludur.
Mən gözləyirəm ki, Azərbaycan çox yaxında antiterror əməliyyatlarına başlayacaq. Əslində bu, müharibə deyil. Bu, antiterror əməliyyatlarıdır. Ölkə ərzilərində terror qruplaşmaları var, buna qarşı da istənilən addım atıla bilər. Bundan ötrü kimsənin icazəsi lazım deyil. Səfərbərlik da ona görə həyata keçirilir ki, ehtiyat qüvvələr olsun. Ehtiyat ordu olmalıdır, bu birmənalıdır. Başqa sözlə, Lavrova arxayın olmaq olmaz. Bunu mediada təbliğ etmək düzgün deyil, dayandırmaq lazımdır. Lavrov heç vaxt Azərbaycanı sevə bilməz, mümkün deyil.
- Tez-tez beş rayon məsələsini gündəmə gətirən Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı planı nədir?
- Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə öz ərazi bütövlüyü çərçivəsində yüksək status verə bilər. Yəni Naxçıvana verilən statusun Dağlıq Qarabağa verilməsi mümkündür. Amma bu o demək deyil ki, Azərbaycan bunun üçün Laçın və Kəlbəcəri qurban verməlidir. Ermənilərin də məqsədi budur ki, Dağlıq Qarabağla Ermənistan arasındakı dəhlizə nəzarəti əllərində saxlasınlar.
Hazırda Bakıda 30 min erməni yaşayır. Onlar bəzi media qurumlarında azərbaycanlıların adlarından hər cür yayımları edirlər – insanları ordudan yayınmağa çağırır, məsələni gözdən salmağa çalışırlar. Təəssüf ki, bəziləri də onların bu təxribatlarına uyurlar.
Rusiya heç vaxt istəməz ki, Azərbaycan sərbəst olsun, Türkiyə ilə bir yerdə olsun, çünki ona Qafqaz lazımdır. Qafqazı da ancaq erməni kimi bir xəyanətkarın əli ilə əldə saxlamaq mümkündür. Başa düşmək lazımdır ki, Dağlıq Qarabağ azad olunsa, Ermənistanda erməni qalmayacaq. Biz bu işğal məsələsini həll etməklə təkcə Dağlıq Qarabağı azad etməyəcəyik, bütövlükdə Qafqazı böyük bir bəladan xilas edəcəyik – 300 illik “qara yara”dan qurtulacağıq.
Biz bunu gələcək nəsil üçün saxlaya bilmərik. Rusiya bunu istəyir, amma biz istəmirik. Bu məsələni indiki nəsil həll edə bilər, çünki o, Rusiyanı yaxşı tanıyır. Bizdən sonrakı nəsil daha çox kosmopolitdir, onlar üçün Qarabağ yox, yaşamağa bir yer olsun, harada pul var, ora onlar üçün “vətən” sayılacaq. Biz bu missiyanı onların üzərinə qoymamalıyıq.
- Ümumiyyətlə, son aylarda Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə diqqətini artırmasını hansı amillərlə izah etmək olar?
- Əslində Rusiya diqqət artırmayıb, sadəcə azərbaycanlıları sakitləşdirmək istəyir. Bilirlər ki, bizim xalq həddən artıq sözə inanandır. Amma biz dərk etməliyik ki, Rusiya bu 300 ildə verdiyi sözlərin heç birini yerinə yetirməyib, başı bir az açılan kimi Azərbaycanda qırğın dalğası başlayıb, ziyalılarımızın başları kəsilib. Yəni bu, birinci dəfə deyil, son 300 ildə bunu dəfələrlə həyata keçiriblər. Biz növbəti dəfə aldanmamlıyıq. Rusiya istəsəydi, bu məsələni çoxdan həll etmişdi.
Bu fəallıq həm də Türkiyənin - Ərdoğanın tutduğu mövqe ilə bağlıdır. Onlar çalışırlar ki, biz arxanlaşıb Türkiyə ordusunu yola salaq, yeganə “ümidimiz” Moskva olsun və onların verdikləri komandaları yerinə yetirək. Bu da bizim məhvimiz demək olar. Bu dəfə Dağlıq Qarabağı işğaldan azad etmədən türk ordusunu yola salsaq, müstəqilliyimiz və suverenliyimiz təhlükə qarşısında qalacaq. Bunu qəbul etmək olmaz.
- Hesab etmək olarmı ki, münaqişənin həlli üçün münbit zəmin yaranıb?
- Hazırda işğal faktını aradan qaldırmaq üçün yeganə yol antiterror əməliyyatlarına başlamaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə daxilindəki separatizmə qarşı siyasət aparır. Hesab edirəm ki, bu məsələ ilin sonunadək həll olunmalıdır, əks halda problem daha da mürəkkəbləşəcək. Rusiya çalışacaq ki, türk ordusu buradan çıxdıqdan sonra növbəti qırğın dalğası olsun və bu qarşıdurmadan öz məqsədləri üçün istifadə etsin.