22 sentyabr 2020-ci il tarixində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı Azərbaycan Respublikasında Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiada keçirib.
Teleqraf.com xəbər verir ki, olimpiadada humanitar istiqamətlər üzrə təhsil alan Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı, eyni zamanda digər ali təhsil ocaqlarının tələbələri də iştirak ediblər.
İnternet-olimpiadanın keçirilməsinində məqsəd aktiv seçki hüququna malik gənclərin seçki hüququ mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət olmuşdur. 22.09.2020-ci il, Bakı vaxtı ilə saat 15:00-da başlayan olimpiadanın iştirakçıları onlayn rejimdə beş tematik blok üzrə onlara təqdim olunan suallara cavab vermişlər. Olimpiadanın qalibi MDB PAA DİMBİ tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən müəyyən olunacaqdır.
Qeyd etmək lazımdır ki, olimpiadanın qalibi ölkəmizi RF-nın Sankt-Peterburq şəhərində keçiriləcək finalda təmsil edəcəkdir.