Cənab Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı 75-ci sessiyasındakı çıxışı regionda və dünyada baş verən proseslərin qiymətləndirilməsi baxımından böyük önəm kəsb edir. Ölkə başçısının ilk çıxış edən şəxslər siyahısında olması isə onun liderlik və şəxsi keyfiyyətlərinin təzühüründən yaranan bir reallıqdır. Dövlətimizin başçısı sessiyada çıxışında müxtəlif məsələlərə diqqət çəkib. İlk növbədə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətləri və Azərbaycanın maraqları konteksindən önəmli məqamları bəyan edib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, cənab Prezident BMT tribunasından bir sıra önəmli mesajlar verdi:
"Cənab Prezident çıxışında insan hüquqları, maliyyə böhranları və ekologiyanın pisləşməsi, silahlı münaqişlər, təcavüzkar ekspansiyalarla bağlı fikirlər diqqətə çatdırıb. Ölkə Prezidenti çıxışında beynəlxalq hüququn qorunmasında Qoşulmama Hərəkatının da rolunun yüksək qiymətə layiq olduğunu bildirib. Çıxışda həmçinin BMT-də daha səmərəli faəliyyət üçün islahatlar aparılması məsələsi də önə çəkilib. BMT-nin universal üzvlüyünü təşkil edən yeganə qlobal təsisat olduğunu vurğulayan dövlət rəhbəri dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyin əhatə edilməsinin vacibdliyini bildirib".
Cavid Osmanovun sözlərinə görə, BMT-nin qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsi fikri də önə çəkilib:
“Eyni zamanda dünyada ikili standartların olduğu və bunun da böyük narahatlıqlar yaratdığı bildirilib. Bununla yanaşı dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin önəmindən də danışıb. Prezident tərəfindən BMT TŞ-nın qəbul etdiyi işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı qətnamələrin bu günə qədər icra edilmədiyi də sadalanan əsas məqamlar arasında yer alıb. Çünki işğalçı Ermənistan BMT-nin qəbul etdiyi qərarları icra etməkdən imtina edir. Eyni zamanda işğalda olan Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Bu isə açıq şəkildə beynəlxalq hüquq normalarına zidd bir addımdır. Ermənistan həmçinin bu gün də öz işğalçılıq niyyətindən əl çəkmir. Davamlı olaraq cəbhə xəttində təxribat diversiya hərəkətləri həyata keçirir. Ermənilərin bu təxribatları nəticəsində hərbçilərlə yanaşı, mülki əhali də həlak olur.
Deputat əlavə edib ki, işğalçı ölkənin baş naziri eyni zamanda təxribatçı açıqlamaları ilə də danışıqların formasını məqsədyönlü şəkildə pozub:
“Bununla da danışıqlar prosesinə ciddi zərbə vurub. Işğalçı dövlət artıq yenidən Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirmək üçün planlar hazırlayır. Artıq beynəlxalq ictimaiyyətin və təşkilatların işğalçıya qarşı ciddi mövqe sərgiləməsinin zamanı çatıb”.