25 Sentyabr 2020 19:13
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı Azərbaycanın dünya birliyində yerini, qlobal proseslərdə rolunu və əhəmiyyətini nümayiş etdirdi. Eyni zamanda, dövlətimizin başçısının müasir dünyanın problemlərindən, onlardan çıxış yollarından söz açmaqla, beynəlxalq hüququn təminatının bu günün əsas tələbi olduğunu bildirməklə bir daha Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ortaya qoydu.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsini açıq şəkildə diqqətə çatdırması bu sahədə islahatların həyata keçirilməsinin vacibliyini önə çıxardı:

“Heç kimə sirr deyil ki, bu gün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Axı, necə olar bilər ki, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qərarı 2 saata reallaşdırılır, amma Dağlıq Qarabağla bağlı 4 qətnamə 27-28 ildir yerinə yetirilmir. Əlbəttə ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması bu təşkilatın nüfuzuna ciddi zərbə vurur. Çox maraqlıdır, nəyə görə bəzi hallarda ayrı-ayrı ölkələrə qarşı qısa müddətdə tədbirlər görüldüyü halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 822, 853, 874, 884 saylı qətnamələrinin icrası istiqamətində heç bir addım atılmır? Məgər Ermənistanın işğalçı olması qeyri-müəyyəndirmi? Yoxsa, bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması, Xocalı soyqırımını törətməsi kimlərəsə məlum deyil? Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətlərin sayı o qədər çoxdur ki, artıq bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının zamanı yetişib”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Halbuki, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz:

“Ermənistan işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv edib, qanunsuz məskunlaşma siyasəti həyata keçirir, ölkəmizin təbii sərvətlərini qeyri-qanuni olaraq istismar edir. Ermənistan müxtəlif ölkələrdən muzdluları və terrorçuları işğal olunmuş ərazilərimizə gətirir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa himayədarlıq edən ölkədir. Artıq bu gün ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Eləcə də Ermənistan rəhbərliyi tərəfindən düşməncəsinə verilən azərbaycanofob bəyanatlar və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Təəssüflər olsun ki, münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə vermir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması da qəbuledilməzdir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində vaxt məhdudiyyəti olmadığından həmin sənədlər icra edilənə qədər qüvvədədir. Bu mənada, həm ATƏT-in Minsk qrupu, həm də BMT Cənubi Qafqaz regionunda vəziyyətin nə qədər gərgin olduğunu görməli və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidirlər”.

Baş redaktor Ermənistanın məqsədinin işğalla bağlı status-kvonu qorumaq və zəbt etdiyi ərazilərin ilhaqına nail olmaq olduğunu vurğulayıb:

“Ermənistanda iki il öncə rejim dəyişikliyi baş verib, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır, “Azərbaycanofobiya” və “türkfobiya” meyilləri hökumət dairələri tərəfindən süni şəkildə stimullaşdırılır. Doğrudur, Prezident İlham Əliyev dünyanın ən ali tribunalarından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını dəfələrlə ifşa edib, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, işğalçı dövlətin bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırıb. Azərbaycan Prezidentinin, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində bu gün Ermənistan bütün dünyada təcavüzkar, işğalçı, antidemokratik, faşizm ideologiyasına xidmət edən ölkə kimi ifşa olunur. Lakin təəssüf ki, belə bir faşist təbiətli işğalçı dövlətə hələ də ikili standartlı yanaşma özünü göstərir”.

Vüqar Rəhimzadə daha sonra deyib:

“Bəlkə elə bu səbəbdəndir ki, Dağlıq Qarabağdakı terrorçu rejimin başçısı Gəncəni bombalamaqla bağlı açıqlama verir, Ermənistanda səfərbərlik elan edilir, muzdlu dəstələr yaradılır, bu ölkə sürətli şəkildə silahlandırılır. Görünür, kimlərsə Ermənistanı yeni müharibəyə hazırlayırlar. Əgər bu gün beynəlxalq hüquq öz sözünü deməsə, beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə adekvat cavab verməsələr, o zaman rəsmi Yerevan daha aqressiv addımlar atacaq və nəticədə regionda sülhə və təhlükəsizliyə təhdidlər artacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər