26 Sentyabr 2020 17:35
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan son dövrlərdə təkcə cəbhə xəttində törətdiyi təxribatlarla kifayətlənmir. Həm də başdan-ayağa yalanla dolu məlumatlar, dezinformasiyalar yayır. Məqsəd Azərbaycanı və onun silahlı qüvvələrini ləkələməkdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, erməni təbliğat maşını davamlı şəkildə Azərbaycana Suriyadan yaraqlıların gətirildiyi barədə dezinformasiya yayır:

“Bu, Ermənistan tərəfindən çoxdan işlənilmiş taktikadır və uzun illərdir ki, davam etdirilir. Öz gördükləri işləri Azərbaycan tərəfinin üzərinə yıxmaq planını icra edirlər. Digər tərəfdən, son aylarda ASALA və PKK-nın xüsusi təlim keçmiş terrorçularını Azərbaycan torpaqlarına gətirən ermənilərin marşrutu da faktlarla aşkara çıxarılıb. Ermənistan xüsusi xidmət orqanları Suriya və Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa, habelə işğal altında olan digər Azərbaycan ərazilərinə köçürülməsini indi də davam etdirir”.

Politoloq bildirib ki, sərhəddə gərginlik zamanı da informasiya sahəsində bəzi qarşıdurmalar yaratmağa cəhdlər olundu:

“Xüsusilə vurğulanmalıdır ki, onların iddiaları ağ yalandan ibarətdir və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güdür. Bu gün Azərbaycanın çox güclü ordusu var. Azərbaycanda ildə dörd dəfə həqiqi hərbi xidmətə çağırış həyata keçirilir və peşəkar ordu formalaşdırılır. Ordunun şəxsi heyəti olduqca peşəkardır, resurslar, texnikalar kifayət qədərdir. Belə bir şəraitdə muzdlu döyüşçülərə ehtiyac minimumdan da aşağı səviyyədədir.

Beləliklə, Ermənistan mətbuatında heç bir məntiqə sığmayan məlumatlarla rastlaşırıq”.

Azərbaycanın illərdir bu tipli təxribatlara dözdüyünü, beynəlxalq hüquq normalarına əməl etdiyini qeyd edən İlyas Hüseynov beynəlxalq vasitəçilərin məsələyə qeyri-obyektiv yanaşmasının davam etdiyini vurğulayıb:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində yalan informasiyanın yayılması ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb”.

Qeyd edək ki, türkiyəli araşdırmaçı jurnalist Levent Kamal da ermənilərin bu iddialarının ağ yalan olduğunu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güddüyünü sübut edib.


Müəllif: Səxavət Həmid