Azərbaycanın rəşadətli Ordusu torpaqlarımızı işğaldan azad etmək əməliyyatını uğurla icra edir. Ordumuzla fəxr edirik, qürur duyuruq. Silahlı Qüvvələrimiz artıq tarixi missiyasını həyata keçirməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələri öz ərazisində fəaliyyət göstərir, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini işğalçıdan təmizləyir. Ordumuz heç bir ölkənin ərazisinə daxil olmayıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamənin icrasını təmin edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirib.
Vitse-prezidentin sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsinin Azərbaycana vermiş olduğu müdafiə hüququ tətbiq edilir: “Ona görə də, Azərbaycanın indiki savaşı vətən müharibəsidir. Vətən naminə bu gün hər bir vətəndaş dövlətimizlə Ordumuzla, Ali Baş Komandanla birlikdədir. Bu gün hər kəs bir ürək kimi döyünür, bir mərkəzə xidmət edir. Bundan sonra da bu proses torpaqlarımız azad edilənə qədər davam edəcək”
Azay Quliyevin sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı reaksiyaları heç də təəcüblü deyil: “Çünki onların indiyə qədər həyata keçirdiyi siyasət çox haqsız, ədalətsiz olub. İşğala məruz qalanla, işğalçıya eyni müstəvidən yanaşılıb. Onların indiki halda vermiş olduğu bəyanatlar heç bir əhəmiyyət kəsb etmir. Beynəlxalq təşkilatlar yenə də hər iki tərəfə nüraciət edərək, hərbi əməliyyatların dayandırılmasını tələb edirlər. Məhz bu səbəbdən də, beynəlxalq təşkilatların vermiş olduğu bəyanatların konkret ünvanı olmalıdır. Bu ünvan isə işğalçı Ermənistandır”.
Vitse-prezident qeyd edib ki, Azərbaycana qarşı hərbi təcavüzü Ermənistan başlayıb: “Azərbaycan Silahlı Qüvvələri isə buna əks cavab tədbirləri görüb. Ona görə də, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin verdiyi bəyanatlar dəqiqləşməlidir. Heç bir halda bu ünvan Azərbaycan olmamalıdır. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr regionda sülh istəyirlərsə, birbaşa Ermənistanın qarşısında açıq və sərt tələb qoymalıdır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərindən çıxmalıdır. BMT TŞ-nın qəbul etdiyi 4 qətnaməsi icra edilməlidir. Çünki bu beynəlxalq hüququn tələbidir. Eyni zamanda işğalçı Ermənistana açıq təzyiq edilməlidir. İşğalçı dövlət bütün beynəlxalq konvensiyaları açıq şəkildə pozur. Haaqa, Cenevrə Konvensiyasını, eyni zamanda 1998-ci ildə qəbul olunmuş Roma Statusunun prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulub. Həmin prinsiplərin əleyhinə olaraq ermənilər dinc əhaliyə açıq hücumlar edir və onları artilleriya atəşi altında saxlayır”.
Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ermənistanın son təxribatı nəticəsində də, 8 dinc vətəndaşımız həlak olub və sivil insanlar yaralanıb. Ona görə də, bütün bunlara görə cavab verilməlidir. Ermənistan layiq olduğu cəzasını almalıdır. Ermənistan indiyə qədər beynəlxalq hüququ ayaqlar altına atmasının tək səbəbi onun cəzasızlığıdır. Azərbaycan öz gücü hesabına ərazisinin azadlığını təmin edir. Hər hansı bir ölkə və yaxud təşkilat hərbi əməliyyatların dayandırılması ilə bağlı tələb irəli sürərsə, bunu etməmişdən öncə düşünmələri daha yaxşı olardı. Sülhə çağırış bəyanatlarını verməmişdən öncə düşünməlidirlər ki, 30 ildir ki, biz danışıqlar aparırıq. Bu danışıqlar Ermənistan tərəfindən açıq şəkildə pozulub. Ermənistan rəhbərliyi qeyri-peşəkar yaramaz və qəbul edilməz şərtlər irəli sürərək, açıq şəkildə dünyaya meydan oxuyur. Məhz zamanında bu cür halların qarşısı alınsa, Paşinyana onlar öz yerini göstərsəydi, bu gün Ermənistanın növbəti təcavüz aktının şahidi olmazdıq. Ona görə də, bu gün beynəlxalq təşkilatlar çox ciddi şəkildə düşünməli və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmalıdırlar. BMT qətnamələrinin icrasını təmin etməlidirlər. Ermənistanın qeyri-şərtsiz olaraq işğal etdiyi Azərbaycan ərazilərdən çıxması tələb olunmalıdır”.