28 Sentyabr 2020 22:13
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının sentyabrın 27-də yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına müraciəti informasiya və çağırış xarakterli bir sıra məqamlarla zəngindir. Bunlar həm cəbhədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına ən doğru, düzgün məlumatları vermək, həm də ölkədə hər bir vətəndaşın nə etməli olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

O qeyd edib ki, əvvəla Azərbaycan xalqı bu müraciətdə Ermənistanın növbəti dəfə Azərbaycana hərbi təcavüz aktına əl atdığı faktını rəsmən eşitdi:

“Bunu dövlət başçısının dilindən artıq Vətənin müdafiəsinə hər kəsin cəlb olunmalı olduğu çağırışı kimi qəbul etdi. Yəni Ermənistanın, başqa ziyanlı informasiya mənbələrinin müxtəlif formalarda təqdimatlarını gözləmədən Azərbaycan Prezidenti xalqımıza Ermənistanın növbəti təcavüz və təxribata baş vurduğu barədə rəsmi informasiyanı verməklə ölkənin bütün resurslarının səfərbərliyə alınması üçün bir baza yaratdı. Cəmiyyətimiz bir daha eşitdi ki, bu təxribat Ermənistan tərəfindən başlanıb və Azərbaycanın danışıqlar müstəvisində Ermənistanın bütün kartlarını sona qədər vurmasına cavab olaraq Ermənistan tərəfi danışıqlar prosesini pozmaq və ərazilərin işğalda qalmasını qeyri-müəyyən müddətədək uzatmaq məqsədilə bu təxribata əl atıb. Azərbaycan Prezidentinin xalqa müraciəti böyük səfərbəredici və toparlayıcı gücə malikdir. Bu gün hər bir Azərbaycan vətəndaşının, ölkənin hər bir vətəndaşının bu gün müharibə qanunları ilə yaşamalı olduğu və Azərbaycan torpaqlarının müdafiəsi üçün özündən asılı olan hər bir şeyi etməyə çağırış var”.

Aydın Quliyev qeyd edib ki, prezident çox haqlı olaraq bu müharibə Azərbaycanın böyük güc göstəricilərini çox dəqiqliklə ifadə etdi:

“Bunlar ölkənin hərbi quruculuğunun lazımi səviyyədə və lazımi müstəvidə aparılması, illər boyu ordunun hərbi-texniki cəhətdən təchiz olunması üçün lazım olan qədər büdcə vəsaitlərinin ayrılması, ordunun hərbi-vətənpərvərlik xüsusiyyətlərinin inkişaf etdirilməsi, ordu ilə Azərbaycan cəmiyyəti arasında intensivləşdirilməsi və daim gücləndirilməsi, ordunun bütün neqativ amillərdən tamamilə, yüz faiz təmizlənməsi və sonda Azərbaycan Ordusunun həqiqətən dünyanın güclü ordularından biri səviyyəsinə çatmasını müşahidə elədi. Bu, artıq Azərbaycan xalqının nəzərində o demək oldu ki, Azərbaycan ordusu qələbə sonluğuna qədər getmək gücünə və imkanlarına malikdir. Azərbaycan Ordusunun xalql söykənmək gücünü göndərmək baxımından da Prezident İlham Əliyevin bu müraciəti olduqca böyük əhəmiyyətə malikdir”.


Müəllif: Səxavət Həmid