Ermənistan tərəfinin işğalçı ölkənin ordusuna məxsus Su-25 təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi ilə vurulmasına dair yaydıqları şər-böhtana ən yaxşı cavabı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev verdi. Dövlət başçısı “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırması zamanı bu iddiaların yalan və böhtan olduğunu faktlarla sübut etdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan nəyin bahasına olur-olsun göstərməyə çalışır ki, guya Azərbaycan tərəfində təkcə Azərbaycan hərbçiləri deyil, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də döyüşür:
“Bu, absurd bir məsələdir. Nəyin bahasına olursa-olsun beynəlxalq təşkilatların fikrini bura yönəltmək üçün Ermənistanın dezinformasiyasıdır. Əgər söhbət F-16 təyyarələrindən gedirsə, ən müasir texnologiyalar, radarlar var. O texnologiya və radarlar sayəsində özlərinə müttəfiq olan ölkələrdən də öyrənə bilərlər ki, belə bir fakt olub, yoxsa olmayıb. Bir daha qeyd etmək istəyirəm ki, bu, sadəcə olaraq absurddur”.
Arzu Nağıyev qeyd edib ki, digər məsələ guya Suriyadan gətirilmiş muzdluların Azərbaycan tərəfində döyüşməsi ilə bağlıdır:
“Burada da məqsəd dinlərarası qarşıdurma yaratmaqdır. Guya hətta Suriyadan gələn şəxslərlə Azərbaycanda spirtli içkilər satan mağazalarda problemlər yaşanır. Bunlar hamısı cəfəngiyyatdır və dezinformasiyadır. Məlumdur ki, müharibə təkcə səngərlərdə getmir. Bütün bunlar müharibənin informasiya müharibəsi deyilən elementinin bir hissəsidir. Bundan da ermənilər istifadə etmək istəyir”.
Deputat erməni tərəfinin bu dezinformasiyalarla məqsədinə nail olacağını düşünmədiyini vurğulayıb:
“Çünki hər bir dezinformasiyanın qarşısında konkret faktlar, konkret elementlər olduğu üçün onlar məcburdurlar ki, real faktlarla razılaşsınlar. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədir və müharibənin davam etdiyi müddətdə dezinformasiya da davam edəcək”.