2 Oktyabr 2020 20:13
3 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan açıq şəkildə Corc Soros və onun komandası tərəfindən idarə edilir. Paşinyan administrasiyasında elə bir önəmli post yoxdur ki, orada Corc Sorosun müxtəlif QHT-lərinin nümayəndələri rəhbər vəzifələri tutmasın. Buna görə də, Rusiya heç bir halda Paşinyana aşkar dəstək verməyəcək. Buna əmin ola bilərsiniz”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Altıncı gündür Azərbaycan ordusunun işğal edilmiş ərazilərdəki antiterror əməliyyatları davam edir. Keçən günlər ərzində baş verənləri necə qiymətləndirirsiniz?

- Azərbaycan ordusu antiterror əməliyyatları aparmır, bu, vətən müharibəsidir. Azərbaycan Silahlı Qüvvələri dövlət ərazisində mərkəzi hakimiyyətə tabe olmayan separatçı vətəndaşlara “dəstək” verən Ermənistan ordusuna qarşı savaşır. Daha doğrusu, Ermənistan ordusunun Azərbaycan ərazisindəki hərbi kontingentinə qarşı döyüşür.

Bu müharibənin zəruri məqamları var. Azərbaycan ordusu post-sovet məkanında ilk dəfə olaraq, beşinci nəsil müharibəsi aparır. Bu müharibədə ən müasir silahlar və hərbi texnikadan istifadə edilir. Əlbəttə, itkilər, yaralılar və tələfat var. Amma aparılan hərbi əməliyyatlara baxsaq, operativ və strateji məqamlara nəzər yetirsək, görərik ki, itkilər ola biləcəyindən qat-qat aşağıdır.

Post-sovet məkanın hərb taktikasına və sovet dövründən qalmış strateji təmrinlərin tam əksinə olaraq, Azərbaycan ordusu müasir döyüş sənətinə yiyələnmiş hərbi qüvvə olduğunu nümayiş etdirir. Bu, özünü hücum əməliyyatlarının hazırlanmasında, hücumun həyata keçirilməsində və düşməndən alınan mövqelərin təmizlənməsi prosesində göstərir.

Əməliyyatlar necə aparılır? Əvvəlcə artilleriya atışları həyata keçirilir, düşmən mövqelərində çaşqınlıq və tələfat yaradılır, daha sonra artilleriya vasitəsilə düşmənin səngərləri, komanda idarəetmə məntəqələri və hərbi-sursat anbarları və sair sıradan çıxarılır. Bundan sonra Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsilə düşmənin canlı qüvvəsi məhv edilir. Yalnız bundan sonra ayrı-ayrı qruplar şəklində azad edilmiş mövqelərə keçərək, onları hədəf seçirlər.

Coğrafi relyefi nəzərə alsaq, ordumuzun qarşısında çətin tapşırıqlar var. Düşmən otuz il ərzində möhkəmləndirilmiş müdafiə sistemlərinə malikdir. Düşmən yüksəklikdədir, yəni biz aşağıdan yuxarı hərəkət etmək məcburiyyətindəyik. Buna görə də düşmən atəşi daha sərrast ola bilər. Amma bunun qarşısını almaq üçün taktiki təmrinlər dəyişdirilib. Tələfatın minimuma endirilməsi üçün zəruri tədbirlər görülür.

Eyni zamanda, hərbi əməliyyatlar göstərdi ki, Ermənistan ordusunun hərbi texnikası olduqca bərbad və yararsız vəziyyətdədir. Ermənistan ordusu yalnız “şəxsi qəhrəmanlıq” hesabına döyüşür. Əslində bu qəhrəmanlıq yox, qorxaqlıqdır.

- Bu, nədən ibarətdir?

- Ermənistan vətəndaşları zorla “könüllü” adı altında Dağlıq Qarabağa gətirilir. Yerli dəstələrlə yanaşı, eyni zamanda Suriya və Livandan gətirilmiş “könüllülər”, daha doğrusu muzdlular var. Ermənistan prezidenti də etiraf edir ki, Dağlıq Qarabağda Azərbaycana qarşı təkcə Ermənistan vətəndaşları yox, dünyanın müxtəlif ölkələrindən gəlmiş ermənilər, habelə qeyri-ermənilər döyüşür.

Bura Suriyanın şimalından – Rojavadan gətirilmiş YPG/PYD/ PKK və dünyanın ən müxtəlif yerilərindən gəlmiş terrorçular var. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun hərbi əməliyyatları dayanmır. Çətin şəraitdə - relyefin mürəkkəbliyinə, düşmənə müxtəlif dəstəklərin verilməsinə rəğmən Azərbaycan ordusu irəliləyir və irəliləməkdə də davam edəcək.

- PKK terrorçularının və digər silahlı qruplaşmaların Dağlıq Qarabağa göndərilməsinə diqqət çəkdiniz. Sizcə, bunun siyasi və strateji anlamı nədir?

- Fransa Prezidenti Emmanuel Makron iddia edir ki, guya onda Türkiyə vasitəsilə Suriyadan yaraqlıların gətirilməsi faktları var. Makronun niyə belə dediyi bəllidir, çünki 2022-ci ildə Fransada prezident seçkiləri olacaq, Makron da bu ölkəsində yaşayan erməni icmasının dəstəyini almağa çalışır.

Amma Emmanuel Makron ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəhbəridir. Buna baxmayaraq, aşkar şəkildə erməniləri dəstəkləyir. Hətta tvitterdə də yazdı ki, sona qədər müqavimət göstərəcək. Bir dövlət başçısının belə deməsi yolverilməzdir. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. İndiki situasiyada neytral və ya obyektiv mövqe tutmalı olduğu halda, birmənalı Ermənistanı – işğalçı dövləti dəstəkləyir.

Ermənistanın işğalçı dövlət olduğu bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ölkəmizin ərazi bütövlüyü, ərazi toxunulmazlığı istisnasız olaraq, bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. Belə olan halda, Makronun işğalçını dəstəkləməsi, Fransanın Minsk qrupundakı yerini və rolunu şübhə altına alır. Faktiki olaraq, bu otuz il ərzində Minsk qrupu heç nə etməyib və etməyəcək. Ermənistan da bunu bildiyinə, Fransaya arxalandığına və ondan Türkiyəyə qarşı istifadə etdiyinə görə dünyanın ən müxtəlif yerlərindən terrorçuları, cəlladları Qarabağa göndərir. Həmin şəxslər bir çox terror aktlarından iştirak ediblər və aktları həyata keçiriblər.

Ermənistanın məqsədi Rusiya və Türkiyəni Cənubi Qafqazda savaşa cəlb etməkdir. Atılan addımların baş tutması fonunda Türkiyənin bəyanatları İrəvanın qıcıqlanmasına səbəb olur. İrəvanın məqsədi KTMT nizamnaməsini əsas tutaraq, bu ittifaqı münaqişəyə cəlb etməkdir.

Buna görə də Ermənistan rəhbərliyi fasiləsiz olaraq bildirir ki, guya Türkiyə savaşda iştirak edir. Bu dezinformasiyanı yaymaqda məqsəd Türkiyə və Rusiya arasında qarşıdurmaya nail olmaqdır. Amma bu baş tutmayacaq. Bu, Paşinyanın xam xəyalıdır. Buna görə də yaraqlılardan həm Türkiyə, həm də Rusiyaya qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışırlar.

- Bəs Fransa niyə belə aşkar şəkildə işğalçının mövqeyində durduğunu bəyan etdi - Makronu nə narahat edir?

- Dediyim kimi, birinci məqsəd Makronun seçkilərdə səs qazanmaq istəyidir. Hazırda Fransada ağır iqtisadi böhran var, koronavirus pandemiyası səbəbindən işsizliyin miqyası böyüyür və s. Makronun vətəndaşlar arasındakı yüksək reytinqi həddən artıq aşağı düşüb. Makron indi qısamüddətli sülh prosesinin yaradılmasının başında durmaq istəyir.

İkinci məqam budur ki, Makron İkinci Dünya Müharibəsindəki Yalta konfransı məsələsini yenidən gündəmə gətirmək niyyətindədir. Yəni o formatı xortlatmaq istəyir. Guya Fransa, Rusiya və ABŞ Cənubi Qafqazda sülhə nail olacaqlar.

Üçüncüsü, Makronun məqsədi Türkiyəyə qarşı aktiv şəkildə geosiyasi addımlar atmaqdır. Çünki Aralıq dənizində yunan Kiprinə qarşı duran Türkiyə öz qanuni və əzəli haqlarını həyata keçirməklə məşğuldur. Söhbət Aralıq dənizinin şərqində karbohidrogen yataqlarının işlənməsindən gedir. Fransa isə bu məsələdə birmənalı olaraq, Yunanıstan və Kipri dəstəkləyir.

Hətta Fransa və Makronun tutduğu mövqe, NATO daxilində ciddi problemlərin yaranmasına səbəb olub.

Dördüncü məqam Suriya və Liviya ilə bağlıdır. Fransa Suriyada çox zəifdir. Fransanın Suriyanın Haseke bölgəsində cəmi 4 müşahidə məntəqəsi var. Fransa Suriyanın şimalındakı “kökədən” öz payını almaq istəyir, amma ala bilmir. Liviyaya gəldikdə, Fransa birmənalı şəkildə general Xəlifə Haftarı dəstəkləyir. Türkiyə isə Haftarı özünə rəqib görür və Tripolidəki qanuni hakimiyyəti dəstəklədiyini bildirir. Yəni Fransa və Türkiyə geosiyasi və geostrateji baxımdan rəqibdir. Buna görə Makron Ermənistanı dəstəkləyir və Dağlıq Qarabağdakı münaqişə amilindən bu ölkəyə qarşı istifadə etmək istəyir.

Beşinci məqam budur ki, Türkiyə rəhbərliyi tamamilə ədalətli, məntiqli və haqları olaraq, Minsk qrupunun son otuz ildə münaqişənin həlli üçün heç bir iş görmədiyini bəyan edir. Türkiyə bu münaqişənin həllində vasitəçi və moderator kimi çıxış etməyə hazırdır. Lakin Fransa buna yol vermək istəmir.

Fransanın məqsədi münaqişə ilə bağlı mövcud status-kvonu saxlamaq, yaxud Ermənistanın arzusunu yerinə yetirməkdir. Əsas məqsədi də, ümumiyyətlə Türkiyəni Cənubi Qafqaza ümumiyyətlə buraxmamaq, regional münaqişələrdən kənarda saxlamaq və onu əyalət dövlətinə çevirməkdir.

Əslində Ermənistan Makrona lazım deyil. Ermənistan yox, istənilən bir dövlət olsaydı, Makron yemə də eyni addımı atacaqdı.

- Rusiyanın mövqeyi haqda nə düşünürsünüz? Neytral mövqedə dayanırmış kimi görünür.

- Rusiya əvvəlki illərdən fərqli olaraq, aşkar və birmənalı şəkildə Ermənistanı dəstəkləmir. Eyni zamanda, əvvəlki illərdən fərqli olaraq, aşkar və birmənalı şəkildə Azərbaycana təzyiq göstərmir. Əksinə, Nikol Paşinyanın son aylardakı davranışları və anti-Rusiya siyasəti, habelə Ermənistan ərazisində Rusiyaya yönəlmiş addımların ard-arasının kəsilməməsi – “Qazprom” şirkətində aparılan yoxlamalar, ruspərəst siyasətçilərin həbsi, rus kanallarının Ermənistanda adi diapazonda yayımlanmasının qarşısının alınması Moskvanı çox qıcıqlandırdı. Rusiya Paşinyana heç vaxt dəstək verməyəcək. Çünki Rusiya Paşinyanı öz adamı saymır.

Paşinyan açıq şəkildə Corc Soros və onun komandası tərəfindən idarə edilir. Paşinyan administrasiyasında elə bir önəmli post yoxdur ki, orada Corc Sorosun müxtəlif QHT-lərinin nümayəndələri rəhbər vəzifələri tutmasın. Buna görə də, Rusiya heç bir halda Paşinyana aşkar dəstək verməyəcək. Buna əmin ola bilərsiniz.

Eyni zamanda, Rusiya Cənubi Qafqaza təsir rıçaqlarını və geosiyasi müdaxilə imkanlarını itirmək istəmir. Çünki Rusiya Cənubi Qafqazda zəifləyəcəyi təqdirdə, onun yerini ABŞ və Avropa İttifaqının tutacağını gözəl bilir.

Amma Rusiya gec-tez anlamalıdır ki, Gümrüdə bir hərbi bazasının, KTMT daxilində müttəfiq, hərbi-strateji sahədə bir çox əməkdaşlıq sazişlərinin olmasına baxmayaraq, Ermənistan heç vaxt Rusiyaya sadiq dövlət olmayıb və olmayacaq. Lakin Azərbaycanda Rusiyanın hərbi bazası olmasa da, Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı, ən keyfiyyətli və ən dayanıqlı tərəfdaşıdır. Rusiya bunu anlamalıdır.

Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir, əlaqələr inkişaf edən xətt üzrə gedir. Rusiya bunu dəyərləndirməlidir.

Rusiya seçim etməlidir – ya aqressiv və şizofren rəhbərlik tərəfindən idarə olunan Ermənistan, ya da strateji və tərəfdaş olan Azərbaycan. Artıq seçim anıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər