Fransa Prezidenti Emmanuel Makron vermiş olduğu bəyanatı ilə ölkəsini Minsk Qrupu həmsədrliyindən kənarlaşdırıb. Belə bir tərəf saxlama siyasəti faktiki olaraq Minsk Qrupunun özünün taleyini də ciddi sual altına qoyur. Azərbaycan heç vaxt sülh danışıqlarının əleyhinə olmayıb. Dövlət olaraq hər zaman çalışmışıq ki, konstruktiv mövqe sərgiləyək. Amma bütün dünya ictimaiyyəti də gördü ki, Ermənistanın atmış olduğu təxribat xarakterli addımlar hansı nəticələrə gətirib çıxardı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov deyib.
Komitə sədrinin sözlərinə görə, təəssüflər olsun ki, Minsk Qrupu sanki işğalçıya hansısa bir dəstək nümayiş etdirir:
"Həmsədrlər hazırda Azərbaycanı dərhal atəşkəsi bərpa edib danışıqlar masasına əyləşməyə dəvət edir. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyi konkretdir. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, konstruktiv danışıqların olmasında maraqlıdır. Cənab Prezident “Əl-Cəzirə” kanalına müsahibəsində də vurğulayıb ki, ATƏT-in Minsk Qrupu ermənilərin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı təklifləri masa üzərinə qoysalar, dövlətimiz danışıqlara hazırdır. Azərbaycan dövləti heç vaxt müharibə tərəfdarı olmayıb. Amma yenə də beynəlxalq təşkilatlar çağırış edirlər ki, müharibəni dayandırın. Başa düşülən deyil ki, müharibə dayansın və yenə də bir 30 il bu mövzuda müzakirə aparaq. Bu çox gülünc yanaşmadır”
Millət vəkili bildirib ki, belə həssaslıq göstərməkdə Makronun bir neçə məqsədi var:
“İlk növbədə Makronun qardaş Türkiyəyə qarşı münasibəti hazırda açıq şəkildə özünü göstərməkdədir. Digər tərəfdən Fransa prezidenti Avropa Birliyi çərçivəsində itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Heç kəs üçün sirr deyil ki, Fransada Makronun reytinqi aşağı düşüb. Ona görə də növbəti seçkilərdə erməni lobbisindən istifadə etməyə çalışır. Eyni zamanda Makronun məqsədi bu regiona üçüncü tərəfləri cəlb etmək, bununla da vəziyyəti qarışdırmaqdır. Amma bütün bunların fonunda Fransa prezidentinin niyyətlərinin burada keçərli olmayacağı da bəllidir”.
Səməd Seyidov əlavə edib ki, cənab Prezident İlham Əliyev Makronla danışığında da Azərbaycanın danışıqlara meyilli olduğunu bildirib:
“Amma bir şərtlə ki, Azərbaycan torpaqlarından ermənilərin çıxarılması təmin edilsin. Makron bu məsələlərlə bağlı konkret köməklik edə bilməyəcəksə, özünü bu regiondan kənarlaşdırmış olacaq”.