4 Oktyabr 2020 11:52
11 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

- Qüdrət bəy, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük uğurlara imza atıb, Türkiyə PUA-ları bir əfsanəyə çevrilib. Türkiyə hərbi-sənaye kompleksi qısa bir müddətdə böyük bir inkişaf yolu keçib. Bu uğurların səbəbini nədə görürsünüz?

- Bilirsiniz, mərhum Prezident Heydər Əliyev dünyasını dəyişəndə Milli Məclisdə çıxışımda demişdim ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətçiliyi ciddi böhranla üzləşəndə Heydər Əliyev Rusiya və İranla münasibətləri tənzimləyə bildi. Silahlı qüvvələrimizin, iqtisadiyyatımızın, beynəlxalq siyasi konyukturanın Qarabağ savaşında qələbəmizi təmin edə bilməyəcəyinə əmin olub Ermənistanla atəşkəs haqqında saziş imzaladı. Bundan sonra dövlət quruculuğu işinə başladı. Silahlı müxalifəti yığışdırdı, neft kontraktlarını bağladı və s. Onunla da bugünkü qələbəmizin özülünü qoydu. Adını Azərbaycanımızın tarixinə böyük dövlət adamı kimi yazdı. Həmin işi indi İlham Əliyev torpaqlarımızın azad olunmasına Ali Baş Komandan kimi rəhbərlik etməklə davam etdirir. Niyə Ərdoğanla bağlı məsələyə Azərbaycan nümunəsindən başladım, çünki Ərdoğan da Türkiyənin ən yeni tarixini şərəflə yazan böyük tarixi şəxsiyyətdir. Ərdoğan bilirdi ki, böyük tarixi olan Türkiyənin oyanışı üçün xalqın gen yaddaşını oyatmaq lazımdır. Fikir versəniz görərsiniz ki, onun prezidentliyi dövründə türk keçmişini yaddaşlarda oyadan tarixi janrda nə qədər seriallar çəkildi. İnsanlar o serillara baxmaqla həm əyləndi, həm tarixini öyrəndi, əcdadlarının qələbələri ilə öyündü, buraxılmış səhvlərdən dərs çıxardı.

Dünyada sevilə-sevilə baxılan həmin seriallarla həm də türk kimliyini, mədəniyyətini, türk alicənablığını və kişiliyini dünyaya yaydı. Ən başlıcası xalqın özünə güvən hissini özünə qaytardı. Yalnız özünə güvənən xalq böyük uğurlara imza ata bilər. Bu günlərdə hörmətli həmkarımız Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi növbəti bir sorğu keçirdi. "İkinci Qarabağ savaşının başlanması sizin üçün hansı mənanı kəsb edir" sualına respondentlərin 30.5% cavab verib ki, savaşa həm də "məğlub xalq" sindromunu aradan qaldırmaq imkanı kimi baxır. Təsadüfi deyil ki, sorğunun nəticələrinə görə xalqımızın 99.5% Prezidentin əks-hücum əmrini sevinclə qarşıladığını söyləyib. O da təsadüfi deyil ki, insanlarımızın 99.8 % -i ehtiyac olacağı təqdirdə Türkiyənin bizə yardım edəcəyinə əmin olduqlarını bildirib. Bu əminlik yalnız bizim eyni millət olmağımızdan qaynaqlanmır. Bu, Ərdoğanın liderliyindən qaynaqlanır.

Ona görə ki, Dəmirəl dönəmində dinc insanların döyüş bölgəsindən çıxarılması üçün bizə iki mülki helikopterin verilməməsini də ürək ağrısı ilə xatırlayırıq. Sezərin, Gülün prezidentliyi dönəmi də yaddaşlarımızdan silinməyib. Ərdoğan sələflərindən fərqli olaraq qərar qəbul edərkən "Qərb nə deyəcək" düşüncəsi ilə məsələlərə yanaşmır. O, Türkiyə üçün doğru olanlar barədə qərar qəbul edir, ölkəsinin dünyada olmalı olan nüfuzunu özünə qaytarır. Məhz bu səbəbdən, hələ xeyli əvvəllər demişdim ki, nə qədər ki Ərdoğan Türkiyədə hakimiyyətdədir biz Qarabağı işğaldan azad etmək üçün savaşa başlamalıyıq. Türkiyənin indiki uğurları Ərdoğanın şəxsiyyətinə bağlıdır.

- Qarabağımızı azad edəndən sonra bölgənin siyasi durumunu necə proqnazlaşdırırsınız?

- Azərbaycan insanının çox hörmət etdiyi diplomat Hulusu Kılıç bu yaxınlarda demişdi ki, bölgənin intibahı Azərbaycanın bu savaşda qələbəsindən keçir. Bu savaşdan ən çox faydalananlardan biri erməni cəmiyyəti olacaq. Biz Ermənistanı faşizm ideologiyasından xilas etsək, Ermənistan sürətlə inkişaf edəcək. Almaniya təcrübəsi gözümüzün qarşısındadır. Regionda sabitliyin və inkişafın əsasını isə Türkiyə, Azərbaycan və Rusiyanın strateji əməkdaşlığı təşkil etməlidir. Əlbəttə, İran da cənublu soydaşlarımızdan qorxmayıb, əksinə onların milli kimliklərinə hörmət etməklə bu əməkdaşlığa qoşulsa bölgənin inkişafı üçün daha geniş imkanlar yaranmış olardı. Yalnız qeyd etdiyim ölkələrin, təbii olaraq Gürcüstan və Ermənistan da gələcəkdə strateji tərəfdaş olacaqlar - qarşılıqlı etimada və hörmətə söykənən əməkdaşlığı bölgənin çiçəklənməsini təmin edəcək, dünyada onların nüfuzunu daha da artıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər