5 Oktyabr 2020 14:30
6 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu 27 sentyabrdan etibarən əks-hücum əməliyyatlarına başlayıb. Bu, dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. Çünki 30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün olmayıb. Ermənistanın təcavüzkar siyasətinə son qoyulmayıb. Bu münaqişənin uzanmasının əsas səbəblərindən biri də vasitəçilik missiyasını yerinə yetirənlərin fəaliyyətsizliyidir. Bu missiyanı icra edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tutduğu mövqe indiki şəraitin yaranmasını şərtləndirib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, həmsədrlər fəaliyyəti dövründə heç zaman işğalçı Ermənistana təziq göstərməyib:

“Əksinə tərəflər arasında bərabərlik yaradıb və ümumiləşmiş bəyanatlar səsləndiriblər. Azərbaycanın çağırışlarına baxmayaraq, həmsədrlər erməni tərəfinin təxribatlarına, beynəlxalq cinayətlərinə münasibət bildirməyiblər. Hazırkı vəziyyətdə isə həmsədr ölkə - Fransanın Prezidenti Emanuel Makronun tutduğu mövqe, verdiyi bəyanatlar qəbul edilməzdir. Bu həmsədr ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. Eyni zamanda neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək olmamalıdır. Paralel olaraq tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz. Fransa prezidenti isə bu gün məhz bu yolu tutub. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, Fransada qarşıdan gələn seçkilərlə bağlıdır. Bu yanaşmalar Fransada yaşayan ermənilərin səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır”.

Sevinc Fətəliyeva qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləmək qəbulolunmazdır:

“Əgər Azərbaycan Breton, Korsika və Basklar ölkəsindəki separatçıları dəstəkləsəydi, buna Fransanın və onun prezidentinin münasibəti necə olardı? Separatçılara münasibət bütün dünyada eyni cür olmalıdır. Digər tərəfdən, Makron iddia edir ki, guya Suriyadan gətirilən terrorçular Azərbaycan tərəfindən döyüşür. Əvvəla, bu tamamilə dezinformasiyadır. Digər tərəfdən, Fransa Suriya hakimiyyətinə qarşı döyüşənləri demokratik qüvvələr adlandırırdı. İndi isə həmin döyüşçüləri terrorçu hesab edir. Bu ikili standarlardır. Yəni Fransa bu məsələyə öz maraqlarına uyğun yanaşır. Məhz bu cür ikili standartlar vəziyyəti bu həddə gətirib çıxardı.

Tarixən Fransa müstəmləkəçi siyasət həyata keçirərək bir sıra qətliamlar, soyqırımlar törədib. Ötən əsrdə Əlcəzair xalqının başına gətirilən faciələri xatırlatmaq yerinə düşər. Bu dövlətin müasir dövrdə Liviyada yürütdüyü siyasət də hər kəsə məlumdur”.

Deputatın sözlərinə görə, E.Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil:

“Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər