Ermənilər hər zaman yalan-böhtan kampaniyası aparıblar və son günlər bu istiqamətdə səylərini bir qədər də artırıblar. Onların yeni böhtanı Dağlıq Qarabağ münaqişəsi regionuna Suriya muzdlularının gətirilməsi ilə bağlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu bu gün əslində ATƏT-in Minsk qrupunun funksiyalarını yerinə yetirir:
“Minsk qrupunun fəaliyyəti iflasa uğradığına görə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən erməni qoşunlarını çıxarır və sülhməramlı əməliyyat həyata keçirir. Ermənistan sülhə məcbur edir. Ermənilərin guya Yaxın Şərqdən yaraqlıların Azərbaycan tərəfdən Dağlıq Qarabağa gətirilməsi ilə bağlı irəli sürülən iddialar ağ yalandır. Onlar hər zaman özlərinin etdiyi işləri Azərbaycanın üzərinə atırlar. Əslində Yaxın Şərqin Suriya, Livan kimi ölkələrindən yaraqlıları ermənilər özləri gətiriblər. Çünki onların ordusunda canlı qüvvə çatışmır. Onlar Azərbaycan Ordusu qarşısında tab gətirə bilmirlər. Buna görə də onlar bu çirkin oyunu oynayırlar. Çünki onların əsas müttəfiqləri Ermənistanı müdafiə etmirlər”.
Asim Mollazadə qeyd edib ki, bu səbəbdən Ermənistan çox tezliklə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalı və sülh xahişi ilə müraciət etməlidir:
“Onların baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Prezident bizim tələblərimizi çox düzgün ifadə edib. Dövlət başçımız Azərbaycan xalqının düşündüklərini açıq formada Azərbaycan dövlətinin tələbi kimi ifadə edib. Bir daha təkrar edirəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ATƏT-in Minsk qrupunun görməli olduğu işi görür”.
Qeyd edək ki, artıq hərbi əməliyyatların onuncu günüdür. Bu müddət ərzində dəfələrlə Suriya muzdlularının öldüyü, yaxud yenilərinin gətirildiyi haqda iddialar səsləndirilir. Ancaq çox maraqlıdır ki, bu iddianı ortaya atanlar on gün ərzində bununla bağlı ortaya heç bir fakt qoya bilmirlər.