ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ətrafında imitasiya ilə məşğul olurdular. Həmsədrlər bu günə qədər hər hansı bir mövqe ortaya qoymadılar. Eyni zamanda işğalçının beynəlxalq hüquq normalarına riayət etməsi tələb edilmədi. Həmçinin həmsədrlər tərəfindən bu günə qədər Azərbaycanın haqq işi müdafiə olunmayıb. Ona görə də Azərbaycan indiki halda öz problemini özü həll edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycan öz problemini həll etməyə başlayanda isə Minsk Qrupu diplomatik cəhətdən “fəallaşmağa” başladı:
"Azərbaycan bu fəallaşmanı 30 il ərzində gözləyirdi. Həmsədrlərdən dəstək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi formasında arzu olunurdu. Hazırda isə onların belə bir fəallıq nümayiş etdirməsinə heç bir ehtiyac yoxdur. Əgər həmsədrlər atəşkəsin əldə edilməsini istəyirlərsə, Ermənistandan qoşunlarını çıxarmasını, Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb etsinlər. Amma hazırda belə bir tələblər ortada yoxdur. Ona görə də ATƏT-in Minsk Qrupu anlayışı artıq tarixdə qaldı. Minsk Qrupu öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Bu təşkilat Dağlıq Qarabağ problemini həll etmədi. Azərbaycan özü bu problemi həll edir. Dövlətimiz torpaqlarını işğaldan azad etdikdən sonra isə hər hansı vasitəçiyə və qrupa heç bir ehtiyac qalmayacaq”.
Aydın Mirzəzadə işğalçının uzun müddətli müdafiə qabiliyyətinin olmadığını da diqqətə çatdırıb:
“Ermənistan öz imkanlarını indiyə qədər həddən artıq yüksək qiymətləndirib. Onlar elə düşünürdülər ki, erməni icması, çar rusiyası, Stalinin sovet hakimiyyətinin qayğısındadırlar və istədiklərini edə bilərlər. Bu gün isə ortada reallıqların savaşı gedir. Reallıq isə Azərbaycanın gücünü, potensialını göstərir. Ermənistanın uzun müddət müharibə aparmağa nə iqtisadi imkanları, nə də ki, insan resursları mövcuddur. Hazırda işğlaçı orduda polis nəfərlərinin və yenicə ehtiyata buraxılmış şəxslərin yenidən orduya çağırılması prosesi həyata keçirilir. Eyni zamanda işğalçı Ermənistan ordusunda müəyyən müddətdən sonra təminat problemi yaranacaq. Ermənistan bu vəziyyətdən qurtulmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan uzunmüddətli hərbi əməliyyatlar aparmaq gücündədir. Bu proses Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək".