“Rusiya prezidentinin açıqlamasından hasil olan əsas nəticə budur ki, Rusiya bu münaqişədə Ermənistana hücum olmayana qədər neytral qalacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert işğal edilmiş ərazilərin azad olunması üçün yaxşı fürsətin yarandığını bildirib:
“Müharibə başlayandan susqunluğunu qoruyan Rusiya Prezidenti Vladimir Putin bu gün qısa açıqlama verib. Açıqlamasından hasil olan əsas nəticə ondan ibarətdir ki, Rusiya bu münaqişədə Ermənistana hücum olmayana qədər neytral qalacaq. Odur ki, Qarabağı və işğal olunmuş digər ərazilərimizi işğalçılardan təmizləmək üçün çox yaxşı fürsət yaranıb. Başladığımız əməliyyatları tam qələbəyə qədər surdürməliyik.
İndi, məhz bu müharibədə bizim qalib gəlməkdən başqa yolumuz yoxdur və bütün resurslarımızı buna səfərbər etməliyik. Qarşıdaki iki-üç gün çox önəmlidir. Bu günlərdə cənub istiqamətində gedən döyüşlər müharibənin və məsələnin siyasi müqəddaratını təyin edəcək”.