7 Oktyabr 2020 22:00
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi muzdlu yaraqlılardan istifadə etdiyini gizlətmir. İstər video materiallarda, istərsə də digər məlumatlarda bunun izlərini görmək mümkündür. Bundan əlavə ora həm terror qrupları, həm muzdlular, həm də PKK-nın müxtəlif qanadlarına məxsus olanlar gətirilərək yerləşdirilib.

Bunu Teleqraf.com-a açıqlamasında Üçüncü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, Ermənistanın buna ehtiyacı var: “Erməni əsgərinin bu gün hansı şərtlər altında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etdiyi haqqında bizdə çoxlu məlumatlar var. Əlbəttə, hər bir erməni əsgərinin ölümü Ermənistan cəmiyyətində əks-səda doğurur. Çünki əsgər anaları piketlər keçirməkdədir. Onlar oğullarını işğal olunmuş ərazilərə göndərmək istəmirlər. Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycandan fərqli olaraq Ermənistan ordusunun şəxsi heyəti müddətli hərbi xidmətdə olanlardır”.

Ehtiyatda olan polkovnik Azərbaycan Ordusunun muzdlulara ehtiyacının olmamasının səbəbini bu cür izah edib:

“Ona görə ki, Azərbaycan Ordusunun 80 faizi müddətdən artıq və müqavilə əsasında orduda xidmət edən şəxsi heyətdir. Əlbəttə, onları müddətli hərbi qulluqçularla müqayisə etmək olmaz. Çünki onlar 5-15 il öz vəzifələrində xidmət edirlər. Onlar əsl peşəkarlardır. Onların döyüş qabiliyyəti, hərbi hazırlığı muzdlu əsgərlərdən heç də az deyil. Çünki bizim şəxsi heyət daim öz üzərində işləyir, təlimlərdə iştirak edir. Daim peşəkarlığını artırır və özünü təkmilləşir”.

Şair Ramaldanov qeyd edib ki, Azərbaycanın bu gün yetərli qədər səfərbərlik resursu var: “Ona görə də muzdlu əsgərlərə bu gün bizim qətiyyən ehtiyacımız yoxdur. Bu, hərbi əməliyyatlar başlayandan bəri Ermənistan tərəfindən tirajlanan ən böyük feyk-nyusdur. Ermənistan bununla Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa, onun haqlı davasına kölgə salmağa çalışır”.

Qeyd edək ki, artıq 11-ci gündür Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarının azad edilməsi uğrunda hərbi əməliyyatlar aparır. Bu 11 gündə Suriya muzdlularının öldüyü, yaxud yenilərinin gətirildiyi haqda iddialar səsləndirilir. Ancaq düşmən tərəfi 11 gün ərzində bununla bağlı ortaya heç bir fakt qoya bilmir. Əksinə, Azərbaycan tərəfi muzdluların Ermənistan tərəfində döyüşməsinə dair ortaya bir sıra tutarlı faktlar qoyub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər