7 Oktyabr 2020 20:15
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı dövlət və onun baş naziri vəziyyətin bu həddə gəlib çatmasında öz məsuliyyətini etiraf etmək istəmir. Çünki məsuliyyət doğrudan da ağırdır. O, Azərbaycana qarşı bir sıra təxribatlara yol verdi və nəticələr onun üçün uğursuz oldu. Bu insan Ermənistan cəmiyyəti qarşısında cavab verməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

İşğalçı ölkənin baş nazirinin BBC televiziyasına müsahibəsi ilə bağlı fikirlərini bölüşən İlqar Vəlizadə deyib ki, Nikol Paşinyan bundan əvvəl olduğu kimi bu müsahibəsində də özünü rəzil etdi:

“Paşinyan bundan əvvəl də tez-tez oxşar situasiyalarla qarşılaşıb. Ancaq onun müsahibələrində rəzil vəziyyətə duşməsi təkcə siyasi savadsızlığı ilə deyil, həm də Ermənistanın mövqeyinin haqsız olması ilə bağlıdır. Çünki Ermənistan işğalçı dövlətdir və rəhbərinin kimliyindən asılı olmayaraq, işğala bəraət qazandırmaq mümkün deyil. Dara düşmüş Paşinyan indi bir tərəfdən müharibəni dayandırmağa çalışır. Çünki müharibənin gedişatı Ermənistanın uduzduğunu, ciddi itkilərə məruz qaldığını göstərir. Daxili siyasi vəziyyət gərginləşir. İqtisadi problemlər artır. Digər tərəfdən isə Paşinyan özünü uduzmuş tərəf kimi yox, sanki humanist addım atmış tərəf kimi göstərməyə çalışır. Xüsusilə beynəlxalq ictimaiyyətin gözündə özünü belə qələmə verməyə cəhdlər edir. Belə bir mənzərə yaratmaq istəyir ki, guya Azərbaycan müharibənin davam etməsində, Ermənistan isə dayandırılmasında maraqlıdır. Onun BBC-yə müsahibəsində də bu xətt aydın sezilirdi”.

İlqar Vəlizadənin sözlərinə görə, Paşinyan vaxt udmağa çalışır:

“İstəyir ki, vaxt udsun və olan-qalan gücünü səfərbər etsin. Yeri gəlmişkən, BBC müxbirinin suallarından biri də Ermənistan-Rusiya münasibətlərinə aid idi. Sual verildi ki, Paşinyanın Rusiya Prezidentinə 5 dəfə zəng etməsinin məqsədi nədir? Bu suala cavab müəmmalı oldu. Amma faktın özü onu göstərir ki, Ermənistan acizdir. Həmişə olduğu kimi kiminsə kürəyinin arxasında gizlənmək niyyətindədir. İndi də fikirləşir ki, Rusiyanın kürəyinin arxsında gizlənə bilər və ya Rusiya münaqişəyə cəlb olunar. Beləliklə, artıq Ermənistan-Azərbaycan yox, de-fakto Rusiya-Azərbaycan müharibəsi ola bilər. Yaxud düşünür ki, burada Türkiyə ilə Rusiyanın maraqlarını toqquşdurmağı bacaracaq. Bax, bu cür cəfəng fikirlər səsləndirir. Bu fikirlər onun ağlının nə dərəcədə yerində olduğunu göstərir. Normal, rasional düşünə bilən insan belə durumda vəziyyəti götür-qoy edə və vəziyyətdən çıxmağa çalışar. Düşünürəm ki, Paşinyanın götür-qoy etmək üçün dərrakəsi çatmır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər